Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci oldu İqtisadiyyat

Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci oldu

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında "istedadların səmərəli istifadəsi" göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.
Yalnız iki indikator – makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq, "makroiqtisadi mühit" kateqoriyası altında "hökumətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada "hökumətin borcu" göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub. Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda dünyada əsas narahatedici trendlərdən biri kimi "dağıdıcı bərabərsizlik" qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də ölkəmizin mövqeləri daha da güclənəcək.