Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək İqtisadiyyat

Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək

Əgər Birinci Şopinq Festivalında tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Şopinq festivalı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, Birinci Şopinq Festivalında əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Payız aylarında keçiriləcək festivala ümumilikdə 578 müəssisə qatılacaq. Qaydalar necə var elə də qalacaq. Turistlərin sayının artımı ilə əlaqədar nağdsız ödəmələr 93 faiz artaraq 703 milyon manat olub. Nağdsız ödənişlərin stimullaşdırılması olduqca önəmlidir.
Qeyd edilib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. "Gələcəkdə keçiriləcək növbəti festivallarda ölkəmizə gələcək turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur", - deyə Ə.Qarayev diqqətə çatdırıb.
Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festival keçəndəfəki festivaldan fərqli olacaq. Bu fikri İkinci Şopinq Festivalına həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini bildirib ki, bu festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Bir sözlə, Vergilər Nazirliyi operativ olaraq festivala tam hazırdır. Diqqətə çatdırılıb ki, budəfəki festivala artıq iki bank - AzərTürk Bank və Azərbaycan Beynəlxalq Bank xidmətlərini təklif edib.