“Bir zamanlar xəyal olan Turan Birliyi reallığa çevrilir” Gündəm

“Bir zamanlar xəyal olan Turan Birliyi reallığa çevrilir”

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu tarixi bir toplantı oldu. Son illər türk dövlət və topluluqlarını birliyi və inteqrasiyasına yönəlik ciddi addımlar atılıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O, bir zamanlar xəyal olan Turan Birliyinin artıq reallığa çevrildiyini vurğulayıb: “Türk dövlətlərindən qardaş Türkiyə 44 günlük Vətən savaşında Azərbaycanın yanında oldu. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan haqq davamızı dəstəklədi, beynəlxalq təşkilatlarda bizi müdafiə etdi. Bu gün işğaldan azad olunmuş Qarabağda böyük tikinti quruculuq işləri gedir. Bu prosesdə də türk dövlətləri bizim yanımızdadır, onlar “Böyük Qayıdış” planına dəstək verirlər. İşğaldan azad olunmuş bölgələrdə türk dövlətlərinin dəstəyi ilə təhsil və səhiyyə infrastrukturları, iaşə müəssisələri tikilir. Yeni mərhələdə türk dünyasını təmsil edən toplumların, vətəndaş cəmiyyəti institutlarının inteqrasiyası çox vacibdir. Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsi yaxşı olardı. Elə məsələlər var ki, onun həlli üçün vətəndaş cəmiyyəti yaxınlaşmalı, toplumlar arasında inteqrasiya güclənməlidir”.

E.Cəfərli əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyinin son illərdə apardığı məqsədyönlü siyasət türk xalqları arasında mədəni əlaqələrin güclənməsinə səbəb olub: “Keçən il İraq və Suriya türklərini təmsil edən QHT-lərin forumu təşkil edildi. Türk dövlətləri arasında birliyin daha dayanıqlı olması üçün vətəndaş cəmiyyəti fəallıq göstərməlidir. Müzakirə olunası, həll ediləsi çoxlu problemlər var. Xəzərin dənizinin ekoloji problemləri artıq qlobal miqyas alır. Yaxın gələcəkdə türk dünyasını təmsil edən QHT-lərin Xəzərlə bağlı ayrıca forumunun təşkili yerinə düşərdi”.

Röya İsrafilova