Standartlaşma sahəsindəki islahatlar müzakirə olunub İqtisadiyyat

Standartlaşma sahəsindəki islahatlar müzakirə olunub

"Caspian European Club" Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə martın 7-də biznes-forum keçirib. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə keçirilən biznes-forumda biznes nümayəndələri ilə son illər standartlaşma, metrologiya, akkreditasiya və patent sahəsindəki əsas islahatlar və inkişaf istiqamətləri müzakirə olunub. Ramiz Həsənov Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Ramiz Həsənovun sözlərinə görə, ötən dövr ərzində keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Fərmanıdır.
Ramiz Həsənov bildirib ki, dövlətimizin başçısının Fərmanına əsasən komitə tərəfindən standartlaşdırma, metrologiya, akkreditasiya və patent sahəsi üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bununla həmin sahələrdə fəaliyyət göstərən qurumların dövlət büdcəsindən asılılığı aradan qaldırılıb, işçilər daha yüksək məvaciblə publik hüquqi şəxslərdə işlə təmin olunub: ""Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" Qanun layihələrinin Milli Məclisdə müzakirəsi yekunlaşmaq üzrədir. Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma qurumu kimi İSO-da üzvlüyü təmin edilib, Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) "tərəfdaş standartlaşdırma orqanı" statusunda təmsil olunması istiqamətində işlər aparılır. Milli standartların 45 faizi beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb, mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir".
Metrologiya sahəsində görülmüş işlərə toxunan komitə sədri qeyd edib ki, Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində bir sıra işlər görülüb: "Bu il yanvarın 31-də Braunşveyq şəhərində Almaniya Milli Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında Azərbaycan Metrologiya İnstitutuna keyfiyyəti idarəetmə sisteminin "Tanınma Şəhadətnaməsi" təqdim edilib".
Komitə sədri həmçinin qonaqları həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nəticələr, texniki tənzimləmə və standartlaşdırma, akkreditasiya, metrologiya, patent və əmtəə nişanları sahələrindəki fəaliyyət, eləcə də komitə qarşısında bir sıra vəzifələr qoyan dövlət proqramları və Strateji Yol xəritələri barədə məlumatlandırıb. Sonda biznes-forum iştirakçılarının sözügedən mövzu üzrə təklifləri, o cümlədən "Caspian European Club"a üzv olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib. Biznes-forumda çıxış edən "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı "Caspian European Club"un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Ramiz Həsənova minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahə üzrə əməkdaşlığın yollarını müzakirə ediblər. Telman Əliyev biznes-forumun bütün iştirakçılarını bu il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi ilə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum Tbilisi"yə dəvət edib.