Əsas ixrac prosedurları barədə seminar keçirilib İqtisadiyyat

Əsas ixrac prosedurları barədə seminar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin birgə təşkilatçılığı ilə "Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər" mövzusunda seminar keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, seminarda "İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin ekspertləri tərəfindən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan mənşə sertifikatları barədə, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, ekspertiza prosedurları və tətbiq olunacaq güzəştlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, seminar maarifləndirmə xarakteri daşıyır: ""Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin əsas məqsədi sahibkarları müxtəlif istiqamətlərdə məlumatlandırmaqdır. Bu gün keçirilən seminarda ixracatçılar xarici bazarlara çıxarkən, tələb olunan sənədlər, ekspertiza prosedurları, malın mənşə ölkəsinin təyinolunma yolları, habelə ixrac zamanı tətbiq olunan güzəştlər barədə yeni məlumatlar əldə ediblər. Sözügedən seminarı keçirtməkdə əsas məqsədimiz ixrac zamanı sahibkarların mal və məhsullarının xarici bazarlarda daha rəqabətqabiliyyətli olmasıdır".
İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fazil Məmmədov bu seminarın keçirilməsində göstərdiyi dəstəyə görə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə minnətdarlığını bildirib və sahibkarların maarifləndirilməsi istiqamətində aparılan mütəmadi tədbirlərin zəruri olduğunu qeyd edib. Belə tədbirlərdə məqsəd dövlətimiz tərəfindən sistemli islahatlar, kompleks tədbirlər və ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində, ekspertiza xidmətləri üzrə aparılan sistemli yenilikləri sahibkarların diqqətinə çatdırmaq və onlarla müzakirə etməkdir.
Bunlardan ixracatçılara dəstək məqsədilə malın mənşəyinin müəyyən edilməsi üzrə keçirilən ekspertiza xidmətlərinin haqqı qeyri-neft ixracı üçün 30 faiz azaldılıb, tələb olunan sənədlər hüquqi şəxslər üçün 9-dan 5-ə, fiziki şəxslər üçün 5-dən 4-ə endirilib. Mövcud beynəlxalq təcrübəyə əsasən dünyada mənşə sənədlərinin verilməsi müddəti ən azı 3 gün olduğu halda, Azərbaycanda bu prosedur 1 gün ərzində həyata keçirilir. Sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlərin öyrənilməsi, ixracatçılarda yaranan çətinliklərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə hər ay Ekspertiza Mərkəzində və regional bölmələr üzrə "Açıq qapı" günləri təşkil olunur.
İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində təşkil olunan tədbirlərdə sahibkarlarımızın diqqətinə çatdırmaq istədiyimiz ən vacib məsələ - "Made in Azerbaijan" adı altında Azərbaycan məhsulu kimi ixrac bazarlarına çıxmaq üçün beynəlxalq tələblərdir. Mənşə qaydalarının tələblərini qoyulacaq investisiya layihələrində öncədən nəzərə almaları sahibkarlarımıza ixrac zamanı tətbiq olunan güzəştlərdən yararlanmaq imkanı yaradacaq. İİTKM-də təşkil olunan seminarda 40-a yaxın sahibkar iştirak edib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.