TAP boru kəmərinin genişləndirilməsi imkanları araşdırılır İqtisadiyyat

TAP boru kəmərinin genişləndirilməsi imkanları araşdırılır

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri üzrə bazar sınaqlarına (market test) başlanılıb. Boru kəmərinin operatoru TAP AG şirkəti xəbər verir ki, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
TAP-ın icraçı direktoru Luca Schieppati deyib: “TAP 2020-ci ildən etibarən ilkin olaraq ildə təxminən 10 milyard kubmetr təbii qazı nəql etməyi planlaşdırır və Avropaya yeni bir qaz mənbəyi gətirir. Buna baxmayaraq, TAP öz ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq imkanına malikdir. Hazırda layihə üzrə işlərin 88 faizdən çoxunun icra olunduğunu nəzərə alaraq boru kəmərinin Avropaya qaz nəqli üçün gələcək tələbata uyğun olaraq genişləndirilməsini təmin etmək niyyətindəyik. Bu, əlavə qaz ehtiyatlarının Avropa bazarına çatdırılması üçün böyük fürsətdir”.
Qeyd edək ki, TAP Avropa Komissiyasının Ümumi Maraq Layihələrinin (PCI) siyahısına daxil edilib. Layihə qrafikə uyğun davam edir. Hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir. Layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 88 faizdən çoxu icra olunub.
Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).