Bu il Türkiyəyə 6,8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib İqtisadiyyat

Bu il Türkiyəyə 6,8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib

Azərbaycan sentyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Sentyabrda Türkiyə Azərbaycandan 819 milyon kubmetr təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, sentyabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi avqustla müqayisədə 84 milyon kubmetr artıb. Azərbaycan sentyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,002 milyard kubmetr) sonra ikinci olub.
Bu ilin yanvarında Türkiyə 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr, iyunda 650,6 milyon kubmetr, iyulda 899,9 milyon kubmetr, avqustda 735 milyon kubmetr, sentyabrda isə 819 milyon kubmetr Azərbaycan qazı alıb. Doqquz ayda qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 6 milyard 863 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin 9 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub. Doqquz ayda CQBK ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat və 28 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 3 milyard kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.