Avqustda 99 minə yaxın avtomobil icbari sığortaya cəlb olunub İqtisadiyyat

Avqustda 99 minə yaxın avtomobil icbari sığortaya cəlb olunub

2014-cü ilin avqust ayında 98,620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunların 24,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,6 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 44,36%, sığorta haqlarının məbləğində 49,99% artım müşahidə edilib.
Ümumilikdə bu ilin ilk 8 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 614 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 45,7 mln. manat təşkil edib.
2014-cü ilin ilk 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,94%, sığorta haqlarının məbləğində isə 6,33% artım müşahidə edilib.