Moldova Azərbaycandan investisiya gözləyir İqtisadiyyat

Moldova Azərbaycandan investisiya gözləyir

Natalya German: "Aİ ilə əməkdaşlığını yeni səviyyəyə çıxaran Moldova azərbaycanlı iş adamları üçün yeni bazar təqdim etməyə hazırdır"

Moldova Azərbaycanı potensial səhmdar kimi görür. Bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, lakin Kişinyov onun ölkədə iştirakının genişlənməsində maraqlıdır".
N.German qeyd edib ki, Moldova öz növbəsində Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarük edilməsini təklif edir: "Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və Azərbaycan istehlakçıları razı qalacaq".
Onun sözlərinə görə, iki ölkənin siyasi sahədə ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrin ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivləri var: "Moldova Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır".
N.German deyib ki, Moldova və Aİ-nin əməkdaşlığının yeni səviyyəyə çıxması ilə ölkə azərbaycanlı iş adamları üçün yeni bazar təqdim etməyə hazırdır: "İki ölkənin əməkdaşlığı üçün daha bir sahə təhsildir. Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, ölkələr üçün vacib olan bir çox məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür. Elmar Məmmədyarov deyib: "Biz iki ölkənin əməkdaşlığı üzrə intensiv fikir mübadiləsi apardıq. Mövqelərimiz bir çox məsələlərdə üst-üstə düşür. Hər iki tərəf ölkələrimiz üçün mühüm olan Dağlıq Qarabağ və Dnestryanı münaqişələri kimi məsələlərdə eyni mövqedən çıxış edir".
Qeyd edək ki, Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə iştirak edib.