Maliyyə dəstəyi üçün 130 min vergi ödəyicisi müraciət edib İqtisadiyyat

Maliyyə dəstəyi üçün 130 min vergi ödəyicisi müraciət edib

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 12-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 27 min 65 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 103 min 268 fərdi (mikro) sahibkar, cəmi 130 min 333 vergiödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 201 min işçini əhatə edən 22 min 852 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,81 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 42,77 milyon manat təşkil edir. Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 21 min 985 vergiödəyicisinə 193 min 564 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,83 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 103 min 268 vergiödəyicisindən müraciət daxil olub, 94 min 490 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,13 milyon manat təşkil edir. Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 53,4 milyon manat vəsaitin 88 min 873 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib. Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir.