Dövlət maliyyə dəstəyi üçün 146 min 380 vergiödəyicisi müraciət edib İqtisadiyyat

Dövlət maliyyə dəstəyi üçün 146 min 380 vergiödəyicisi müraciət edib

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyulun 1-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 851 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 117 min 529 fərdi (mikro) sahibkar, cəmi 146 min 380 vergiödəyicisi müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 270 min 303 işçini əhatə edən 28 min 851 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 97,5 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 48,75 milyon manat təşkil edir. İyulun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 273 vergiödəyicisinə 210 min 653 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 95,14 milyon manat, o cümlədən 2-ci ay üzrə ödənilmiş vəsaitin məbləği (50 faiz) 46,93 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117 min 529 vergiödəyicisindən müraciət daxil olub, 110 min 79 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,16 milyon manatdan çox təşkil edir. İyulun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 62,98 milyon manat vəsaitin 105 min 638 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7