Optimist vitse-spiker İqtisadiyyat

Optimist vitse-spiker

Valeh Ələsgərov: "Neftin qiyməti 100-110 dollar, hətta artıq da ola bilər"

Neftin son zamanlar qiymətinin aşağı düşməsindən ciddi narahat olmağa dəyməz.
Bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu cür hallar dünya təcrübəsində tez-tez olur.
"Məsələn, son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dünyada 160-dan artıq layihə dayandırılıb. Vaxtilə 1998-99-cu illərdə də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox layihələr dayandırılmışdı. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti hallardır".
Onun fikrincə, burada siyasi məqamlar yoxdur: "Siyasi məqamlar 2002-ci ildə ABŞ-ın İraqa girməsindən sonra aradan çıxdı. Burada daha çox bir-biri ilə bağlı olan məqamlar var ki, neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Amma dediyim kimi, bundan da ciddi narahatçılıq keçirməyinə dəyməz. Bu gün neftin qiyməti düşübsə, sabah onun qiyməti yenə də 100-110 dollar, hətta ondan da artıq olacaq. Bizim də xeyli ehtiyatlarımız var. Əsas odur ki, ağıllı və səmərəli şəkildə istifadə edə bilək. Bunun üçün ağlımız da, savadımız da, elmimiz də, biliyimiz də var".
Qeyd edək ki, 2015-ci il Dövlət büdcəsi layihəsində 1 barrel neft 90 dollar həcmində nəzərdə tutulub.