Azərbaycan Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub İqtisadiyyat

Azərbaycan Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 6 538,82 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yeri qoruyub-saxlayıb.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan 5 309,6 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin iyul ayında da Azərbaycan 1 093,83 mln. kubmetrlə (+21,5%) Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 35,17%-i).

Bu ilin ilk yeddi ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə ikinci yeri Rusiya tutub. Hesabat dövründə bu ölkədən Türkiyəyə 5 521,89 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə yanvar-iyulda Türkiyəyə 2 693,57 mln. kubmetr qaz nəql edib.

Hesabat dövründə Türkiyənin ümumi qaz idxalı 25 593,35 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.