Bir sıra müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilib - AQTA İqtisadiyyat

Bir sıra müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilib - AQTA

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilmiş, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılmışdır. Həmçinin keçirilən görüşlərdə məsələnin həlli istiqamətində irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil olunmuşdur.

Aparılan müzakirələr nəticəsində artıq "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı “TURAZ” MMC, “Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilmişdir.

Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan etmişdir.

Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.