Logistika sahəsinin qiymətləndirilməsi müzakirə olunub İqtisadiyyat

Logistika sahəsinin qiymətləndirilməsi müzakirə olunub

Dünya Bankının ekspertləri ilə özəl sektorun diaqnostikası çərçivəsində logistika sahəsinin qiymətləndirilməsi mövzusunda növbəti onlayn görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının nümayəndələri, Dünya Bakının eksperti Daniel Saslavski və bankın mütəxəssisləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Dünya Bankının mütəxəssisləri ilə keçirilən görüşlərin ikitərəfli münasibətlərin şaxələndiriliməsində, yeni prioritet istiqamətlərin müəyyənləşdirilməsində vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.

Cavad Qasımov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişinin gömrük orqanları tərəfindən tətbiqi, avtomatlaşdırılmış sistemlər, Səlahiyyətli İqtisadi Operator (SİO), tranzit məsələləri və rəqəmsallaşdırma, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dərhal buraxılış sistemi və ekspress yüklərin sürətli rəsmiləşdirilməsi barədə məlumatları mütəxəssislərin diqqətinə çatdırılıb.

Komitə sədrinin müavini, xüsusilə fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən qeyri-kommersiya məqsədli yüklərin və poçt daşımalarının rəsmiləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumatları təqdim edib. Bildirilib ki, beynəlxalq poçt daşımaları və daşıyıcı şirkətlər tərəfindən gətirilən yüklərin sürətli rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən “Smart Customs” mobil tətbiqi və www.e.customs.gov.az internet portalı istifadəyə verilib ki, bu da şəxslərin sifariş etdikləri malları gömrük orqanlarına gəlmədən birbaşa ünvanlarında əldə etmələrinə imkan yaradıb.

Həmçinin, bu sahədə gömrük rəsmiləşdirilməsinin, daşıma xidmətlərinin daha da təkmilləşdirilməsi, malların ən qısa zaman müddətində şəxslərə təhvil verilməsi məqsədilə yeni vahid logistik mərkəz ideyasının layihələndirildiyi və həyata keçirildikən sonra poçt daşımalarında vaxt itkisinin minimuma endiriləcəyi barədə də iştirakçılar məlumatlandırılıb.

Logistikanın və ticarətin inkişafı, o cümlədən bu sahədə həyata keçirilən layihələrdən danışan Cavad Qasımov Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsinin yaxınlığında inşa edilmiş Ticarətin Asanlaşdırılması Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, digər gömrük sərhəd buraxılış məntəqələrinin də yaxınlığında bu tip mərkəzlərin inşasının planlaşdırıldığını diqqətə çatdırıb. Mütəxəssislərə, həmçinin yeni gömrük-sərhəd buraxılış məntəqələrinin açılmasına dair infrastruktur layihələri barədə də məlumatlar təqdim edilib.

Dünya Bankının eksperti Daniel Saslavski logistika sektorunun qiymətləndirilməsi və özəl sektorun diaqnostikası çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən mütəmadi dəstəyə görə dərin minnətdarlığını bildirərək, hazırlanacaq hesabatın nəticələrinin beynəlxalq ticarətin sadələşdirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra görüşdə logistika sektorunun qiymətləndirilməsinin aparılması, özəl sektorun iqtisadiyyatda iştirak imkanlarının artırılması mövzusunda müzakirələr aparılıb.