Ərzaq bazarının səmərəli təşkili diqqət mərkəzində olacaq İqtisadiyyat

Ərzaq bazarının səmərəli təşkili diqqət mərkəzində olacaq

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Bahalaşma Azərbaycanda da özünü biruzə verdi. Amma hökumətin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, maaş və pensiya, müavinətlərin artması bahalaşmanı o qədər də hiss etdirmədi. Bahalaşmanın ilk günlərində, xüsusən də unun qiymətində artım bəzi işbazların işinə yaradı. İşbazlar bu prosesdən sui istifadə edərək süni qiymət artımına əl atdılar. Bu hallar əhali arasında haqlı narazılığa səbəb oldu, müvafiq orqanlar təcili olaraq bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər gördü. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirdi.
QHT sədri Füzuli Kərimov "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, bu gün bazar hökumətin tam nəzarətindədir: " Yəni, bahalaşmadan istifadə edən bəzi işbazların qiymət artlmı oyununa son qoyulub. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, ilk növbədə, əhalinin rifahının yüksəlməsinə yönəldilib. Bu sahədə əhalinin alıcılıq qabiliyyətinin artırılması prioritet təşkil edir. Daxili bazarın qorunması, inflyasiyanın qarşısının alınması istiqamətində reallaşdırılan tədbirlər qiymətlərin nizamlanmasında əhəmiyyətli rol oynayır. Etiraf edilməlidir ki, Azərbaycan hökuməti qiymətlərin sabit saxlanması istiqamətində kifayət qədər stimullaşdırıcı tədbirlər həyata keçirir".

Qeyd edək ki, xidmət tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.

Respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır.

Haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında inzibati rıçaqlardan istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək.
F.Kərimov onu da deyib ki,
ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur. Belə halda süni qiymət artımına qətiyyən ehtiyac qalmır. Lakin buna baxmayaraq, ölkədə süni şəkildə qiymətlərin artırılmasına cəhd edən “işbazlar” yox deyil.

Süni qiymət artımına yol verənlər unutmamalıdırlar ki, istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək. Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər artırılacaq, qiymətlərin davamlı monitorinqi həyata keçiriləcəkdir.

Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq.
Cavid