“Əlimizdən gələni edəcəyik” Müsahibə

“Əlimizdən gələni edəcəyik”

Tale Heydərov: "Hisslərimi, sevincimi sözlə ifadə edə bilmirəm"

UEFA Avropa Liqasının pley-of mərhələsinin cavab qarşılaşmasında səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşan "Qəbələ" əldə etdiyi məhsuldar heç-heçə sayəsində mərhələni keçərək qruplarda oynamağa haqq qazandı. Matçdan sonra klubun prezidenti Tale Heydərov APA-nın Afinaya ezam olunmuş müxbirinin də suallarını cavablandırıb.

- Bu tarixi bir nəticədi "Qəbələ" üçün. Siz də matç haqqında ümumi fikirlərinizi bildirin zəhmət olmasa.

- Bu həqiqətən də bizim üçün tarixi oyun idi. Biz bunu bilirdik. Bizim üçün bir şans idi. 4 mərhələ keçmək və qrupa düşmək Qəbələ futbolu üçün ilk idi. Mən şadam ki, bu gün həm "Qarabağ" – bizim digər təmsilçimiz, həm də biz uğurlu çıxış elədik və qrupa düşdük. Hisslərimi, sevincimi ifadə eləməkdə çətinlik çəkirəm, böyük nailiyyətdi, böyük qələbədi. Çoxları da keçəcəyimizə inanmırdı, biz böyük bir komandanı, böyük tarixə malik bir klubu yolumuzdan kənarlaşdırdıq. Üstəlik, biz buna öz meydanımızda deyil, səfər matçında nail olduq.

- Tale müəllim, birinci mərhələni keçəndən sonra demişdiniz ki, ikini də keçmək istəyirik, ikinci mərhələdə üçü, bu minvalla artıq 4-cü mərhələni keçdiniz. Qrupdan çıxmaq haqqında necə, düşünürsünüz?

- Əlbəttə, əgər qrupa qədər yüksələ bilmişiksə, əlimizdən gələni edəcəyik ki, gözəl çıxış edək. Siz bilirsiniz ki, qrupda zəif komanda yoxdu. Bizdən qat-qat güclü komandalar iştirak edəcək. Ən əsası odu ki, biz klubumuzu və ölkəmizi layiqincə təmsil edək. İnanıram ki, yaxşı nəticələr göstərəcəyik.

- Baş məşqçiniz Roman Qriqorçuk bildirdi ki, yeni və çox səs-küy yaradacaq bir transfer gözlənilir...

- Bu onun qərarıdı və əgər belədisə biz artıq onun istədiyi oyunçuları axtarmağa başlamalıyıq.