“Azərbaycanın texnologiya mərkəzinə çevrilməsini istəyirəm” Müsahibə

“Azərbaycanın texnologiya mərkəzinə çevrilməsini istəyirəm”

700 bal toplayan tələbə: "Hərtərəfli inkişaf etmək istəyirəm"

Artıq qızmar yay günlərində keçirilən qəbul imtahanları arxada qalıb və minlərlə abituriyent tələbə adını qazanıb. Onlardan 15 nəfəri ən yüksək göstərici olan 700 bal toplayıb. Həmin gənclərdən ikisi Qafqaz Universitetini seçib. 1998-ci ildə Naxçıvanda anadan olmuş Əli Allahverdiyev Qafqaz Universitetini seçməsinin səbəblərini açıqlayıb. APA gənc tələbənin müsahibəsini təqdim edir:


- Bu qədər yüksək bal toplamaq üçün necə bir yol keçdin?
- İbtidai təhsilimi Şərur rayonun Zeybə kəndində aldım. Daha sonra dörd il türk liseyində təhsilimi davam etdirdim. Qəbul imtahanlarında birinci qrupa hazırlaşırdım və nəticədə ən yüksək balı topladım. Seçimim də Qafqaz universiteti mexanika mühəndisliyi ixtisası oldu.
- Universitetlər arasında seçim etmək çətin olmadı ?
- Bütün universitetlərlə maraqlanmışdım. Həm burada təhsil alan yaxınlarım vasitəsiylə, həm də sosial şəbəkələrdən Qafqaz Universiteti haqqında məlumat əldə etmək imkanım oldu. Ümumi marağım texnologiyayadır. Qafqaz Universiteti də bu sahədə yüksək səviyyəli kadr hazırlayır. Bundan başqa, mən hərtərəfli inkişaf etmək istəyirəm. Qafqaz Universiteti bu istiqamətdə mənim tələbatıma cavab verə biləcək tək universitetdir. Bütün bu meyarlar mənim bu universiteti seçməmə səbəb oldu.
- Artıq Qafqaz Universitetinin tələbəsisən. Necə deyərlər, xəyalların gerçəkləşdimi?
- Mən hazırda ingilis dilində hazırlıq oxuyuram. Bu qısa müddətdə dilimdə çox mühüm inkişafın olduğunu hiss edirəm. Bundan başqa, yataqxanada qalıram. Qafqaz Universitetindən hərtərəfli razıyam istər yataqxana, istər universitetin daxilindəki şərait olsun, məni çox məmnun edir.
- Gələcək planların nədir? Ölkənə necə xidmət etmək istərdin?
- Söylədiyim kimi hərtərəfli inkişaf etmək istəyirəm. Bu da ancaq Qafqaz Universitetində mümkündür. Fizika-riyaziyyat üzrə mütəxəssis olmaq istəyirəm. Azərbaycanı texnologiya mərkəzinə çevirmək də əsas hədəfimdir. Düşünürəm ki, avtomobil sahəsində Azərbaycan öz məhsulunu istehsal edə bilər.