“Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur” Müsahibə

“Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur”

Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Hörmətli Şeyxülislam, bu günlərdə ölkə başçısı dini qurumlara maliyyə vəsaiti ayırıb. Bu vəsaitsən QMİ-yə 1 milyon manat ayrıldığı bildirilir. Maliyyə vəsaitinin hansı istiqamətdə sərf olunması planlaşdırılır?
- Prezident İlham Əliyevin Ramazan bayramı ərəfəsində Azərbaycandakı dini icmalara maliyyə yardımı ayrılması barədə sərəncamı oldu. Biz, konfessiya rəhbərləri ilə birgə dövlət başçımıza bunula bağlı təşəkkür məktubu ünvanladıq. Multikultural Azərbaycanda bu, dövlətin mənəvi sahəyə, bütün dinlərdən olan vətəndaşlarına nümunəvi qayğısının təzahürüdür. Qafqaz Müsəlmanları İdarəsinə ayrılan vəsait dini-mənəvi sahənin müxtəlif istiqamətlərinə, ən başlıcası maarifləndirmə işinə yönəldiləcək. 45 adda kitab və vəsait hazırlanıb. Uzun müddət üzərində iş gedən, hazırlanmasına müxtəlif alimlərin cəlb olunduğu bu kitabların işıq üzü görməsi, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən məscidlərə paylanması mənəvi sahədə maariflənməyə böyük töhfə olacaq.
Təbii ki, neçə ildir, həyata keçirdiyimiz din xadimlərinin təkmilləşdirmə kurslarını davam etdirəcəyik. Bu kursların müdavimləri, sertifikat alaraq, onlar üçün hazırlanan din xadimlərinin vahid geyimi ilə təmin olunur, kurs müddətində bütün ezamiyyə - qalma, yemək, səfər xərcləri, habelə məvacibləri ödənilir, dərslərlə yanaşı, onlara kompüter texnologiyalarından istifadə vərdişləri aşılanır, müxtəlif tarixi, mədəni mərkəzlərlə tanışlıq imkanı yaradılır, ölkəmizin tanınmış ictimai xadimlərinin mühazirələrini dinləmələri təmin olunur. Bütün bu işlərin ən yüksək səviyyədə təşkili din xadimlərinin öz üzərlərində işləmələri, müasir dünyagörüşə malik savadlı din xadimi olmaq üçün böyük stimul rolu oynayır.
- Bu yaxınlarda Dövlət Komitəsi nümayəndəsinin də açıqlaması oldu ki, bir sıra regional məscidlərdə, xüsusilə şimal-qərb bölgəsində imam təyinatı olmadığından dini icmalar qeydiyyata alına bilmir. Bundan başqa, Nardaranda dini icmanın qeydiyyata alınması istiqamətində iş aparıldığı bildirilsə də, hələlik konkret nəticə yoxdur. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitənin ümumi məqsədi dini mühiti, ölkənin dini həyatını ən yüksək səviyyədə qurmaqdır - bu həm dindarların hüquqlarının təmini, həm onların öz vəzifələrini bilmələri istiqamətində, həm də dini icmaların qanuni fəaliyyətinin təmini yönündə işləri ehtiva edir. Biz hüquqi dövlətdə yaşayırıq, dini sahəni tənzimləyən "Dini etiqad azadlığı haqqında" Qanun mövcuddur, islami dini icmaların tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi var. Bu sahədə bütün məsələlər bunlarla tənzimlənir. İcmaların yaradılması, onların qeydiyyatdan keçməsi üçün mövcud tələblərə riayət olunmalıdır. Hər il bizim təqdimatla Dövlət Komitəsində onlarla icma ilkin və ya təkrar dövlət qeydiyyatından keçir. Bu sahədə heç bir problem yoxdur. Nardaranda da proses bu istiqamətdə öz axarı ilə gedir. Bizim oradakı səlahiyyətli nümayəndəmiz də fəaliyyətini davam etdirməkdədir. İcmalar qeydiyyatdan məscidlərdə keçir, yəni hər hansı məscid hüquqi ünvan olaraq göstərilir. Bundan sonra QMİ həmin məscidə din xadimi - axund, imam təyin edir. İcması olmayan ibadət məkanlarına da dini ayinlərin icrası üçün din xadimləri - axund, imam, mütəvəlli təyinatını həyata keçiririk. Dini kadrların seçiminə, təyinatına məsuliyyətlə yanaşırıq.
Bəzi bölgələrdə seçim prosesi bir qədər vaxt aparırsa, bu, yalnız daha layiqli, daha səriştəli namizədin axtarışı ilə bağlıdır. İmam, axund həm təyinat aldığı bölgənin ehtiram bəslədiyi şəxs olmalı, dindarların etimadını qazanmalı, həm də dinimizi lazımi səviyyədə təbliğ etmək bacarığına malik olmalıdır. Vətənini sevən, ona bağlı olan, Vətən təəssüblü şəxslərin dinimizi təbliğ etməsi mühümdür, çünki Vətəni sevmək özü də imandandır. Məsələn, biz bu günlərdə Şəki-Zaqatala-Balakən bölgəsində səfərdə olduq. Səfər zamanı da mən bildirdim ki, əsas olan din xadimlərinin savadlı olmasıdır. Bilirsiniz, Bakı İslam Universitetinin yeganə filialı məhz Zaqatalada fəaliyyət göstərir. Biz bu istiqamətdə xeyli iş aparırıq — təsisçisi olduğumuz Bakı İslam Universitetinin tədris proqramı üzərində iş gedir, din xadimlərinin mütəmadi təkmilləşdirilməsi kursları təşkil olunur, mədrəsələrin yaradılması istiqamətində hazırlıq gedir. Bütün bunlar öz müsbət nəticəsini verəcək, inşallah. Və bu sahədə müvəqqəti catışmazlıqlar aradan qalxacaq.
- Azərbaycanda bu il Həcc ziyarətinin qiymətlərinin qalxması, əvvəlki illə müqayisədə ayrılan yerlərin azlığı diqqət çəkir. Son Həcc ziyarətində faciəvi hadisələr baş verdi. Builki ziyarət barədə nə deyə bilərsiniz?
- Müqəddəs Həcc ziyarəti dini səciyyəli səfər olduğundan Qanuna, Nizamnaməmizə uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Bu istiqamətdə zəvvar səfərlərinin təşkili dini mərkəzin fəaliyyət istiqamətlərindən biridir. QMİ bu fəaliyyəti müqəddəs məkanların yerləşdiyi Səudiyyə Ərəbistanının müvafiq qurumu - Həcc və Ümrə İşləri Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirir. Hər il hər bir müsəlman ölkəsinin Həcc Missiyası ilə imzalanan protokollarda səfərə dair bütün məqamlar əksini tapır. Ötən il Həcc ziyarəti zamanı baş verən hadisələr, təhlükəsizliklə bağlı yaşanan problemlər, Kəbə evi ətrafında aparılan genişləndirmə, yenidənqurma işlərinin həcmi ilə bağlı artıq bir neçə ildir, ümumi zəvvar sayında azalma planlaşdırılıb ki, bu, Azərbaycana da ayrılan kvotaya təsir edir.
Dünyada enerji daşıyıcıları ilə bağlı yaşanan iqtisadi təbəddülatlar Həcc ziyarətinin qiymətinə də müəyyən təsir göstərir. Bəzi müsəlman ölkələrində Həcc ziyarətinə getmək istəyənlərin sayı həmin ölkəyə ayrılan kvotadan dəfələrlə artıq olduğundan zəvvarların növbəlilik prinsipi mövcuddur. Ziyarət səfərinin qiymətinə gəlincə, təəssüf ki, Həcclə bağlı mətbuatda bəzən qeyri-dəqiq xəbərlər yer alır. Əslində, Azərbaycanda bu il Həcc ziyarətinin qiymətində artım olmayıb. Keçən il qiymətlər nisbətən ucuz və nisbətən baha mehmanxanalarda qalmaqdan asılı olaraq 4700-5750 ABŞ dolları idisə, bu il müvafiq olaraq, 3500-4500 ABŞ dolları civarındadır. Ziyarətin təşkili ilə bağlı xidmət haqqını Səudiyyə tərəfinə ABŞ dolları ilə ödədiyimizdən zəvvarlarımız da bu valyuta ilə ödəniş edirlər. Xidmət haqqı ödəmə günü mövcud məzənnəyə uyğun alınır. Məzənnənin artımı səbəbindən qiymətlər manat ekvivalentində dəyişə bilər, lakin bununla belə ziyarət qiymətləri ötən illə müqayisədə artmayıb. Ötən il baş verən qələbəlik zamanı azərbaycanlı zəvvarlara, şükürlər olsun, heç bir xətər toxunmayıb. Bugünədək öz əcəli ilə dünyasını dəyişən zəvvarlarımızı mövcud dini hökm və qaydalara uyğun olaraq, ehtiramla Məkkə yaxınlığında torpağa tapşırmışıq. İnşallah, zəvvarlarımız builki Həcc ziyarətini sağ-salamat başa vurub, Vətənə dönəcəklər. Həcc missiyası olaraq, bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu il zəvvarlarımız Həcc ziyarətinə gediş və dönüşü AZAL-ın təyyarələrində çarter uçuşları ilə həyata keçirəcəklər.
- Azərbaycandan Suriyaya döyüşmək üçün gedənlərin sayında azalma müşahidə olunur. Bunu nə ilə izah edirsiniz? QMİ-nin apardığı profilaktik maarifləndirmə tədbirlərinin bunda rolu nə qədərdir?
- Maarifləndirmə işinə bu qədər önəm verməyiniz təqdirəlayiqdir. Həqiqətən də, aparılan izahedici, maarifləndirici iş nəticəsiz qalmır. Son illər insanların şüuruna müasir informasiya texnologiyaları (İT) vasitəsilə təsir edərək onların inamından, ülvi hisslərindən məkrli şəkildə sui-istifadə halları var. QMİ-nin dini mərkəz olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi tədbirlərin mənəvi-ideoloji dəyəri, təsir qüvvəsi olduqca böyükdür. Tərəfimizdən nəşr olunaraq respublikamızın bütün guşələrinə paylanan kitab və vəsaitlər, bölgələrdə keçirilən çoxsaylı görüş və tədbirlər, gənclərlə aparılan iş möhtərəm dövlət və din xadimlərinin insanlarla təmasları — bütün bunlar reallıqların camaata çatdırılmasında böyük rol oynadı. Dövlət və din arasında münasibətlərin yüksək səviyyəsi, milli-mənəvi, ənənəvi dini dəyərlərə sahib çıxmaq istiqamətində səy və əməli işlər bu sahədə uğurlarımızı təmin edir.
- Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribatı nəticəsində hərbi toqquşmalar qeydə alınır və Azərbaycan düşmənə layiqli cavab verir. Münaqişənin yenidən alovlanması region üçün ciddi təhdid sayılır və bir sıra ictimai-dini xadimlər, o cümlədən Siz də müvafiq bəyanatlar verdiniz. Bununla belə, təmas xəttində gərginlik, xüsusilə ermənilərin mülki əhaliyə qarşı silahlı təcavüzü davam edir. Bir din xadimi olaraq mövqeyiniz və təklifiniz nədən ibarətdir?
- Allah dərgahında ən yuksək məqama yetişmiş şəhidlərimizin məkanı cənnətdir. Şəhid qanı ilə islanmış Vətən torpağı isə müqəddəsdir. Vətəni sevmək imandandır, şəhidlik imanın ən yüksək zirvəsi. Şəhidlərimizin Vətən sevgisi, kamil imanı hər birimiz üçün müqəddəs örnəkdir. Bu şəxslər, Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalanlardır.
Möhtərəm dövlət rəhbərimiz ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, olduqca şərəfli və qürurverici an idi. Bu, Vətənimizin böyük zəfərinin ilk qaranquşu olmaqla, böyük mənəvi əhəmiyyət kəsb edən hadisədir. Xalqımız bu qürurun sevincini yaşadıqca, haqq işinin qələbəsinə inamı, bu yolda əzm və dəyanəti daha da artır. Azərbaycanın din xadimləri Ali Baş Komandanımızın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini birmənalı şəkildə dəstəkləyir, bu müdrik fikirləri məscidlərdə, dini tədbirlərdə təbliğ edir, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırırlar. Bu, ümumxalq, ümummilli əhəmiyyətli hadisələrin önəmini izah edərkən, din xadimləri şəhidliyin uca zirvəsi, ruhi, mənəvi yüksəkliyi, Allah Nəzərində yüksək məqamı ilə bağlı insanlarımızı maarifləndirirlər. Biz, Azərbaycanın din xadimlərinin birgə bəyanatında da bildirdik ki, müharibə hər zaman insan itkisi ilə müşayiət olunur. Lakin bir məsələ nəzərdən qaçırılmamalıdır ki, haqq yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalanalrdır. "Şəhid" sözünü özgə torpağına göz dikən, kimlərinsə xülyalarını, aqressiv siyasi ambisiyalarını reallaşdırmaq yolunda ölümə göndərilən qəsbkarlara şamil etmək olmaz. Ermənilərin vətəni təhlükədə deyil, onların oğulları işğalçı rejim yolunda qurban verilir. Bizim xalqımız heç bir vaxt yad torpaqlara göz dikməyib, lakin öz torpaqlarını göz bəbəyi kimi qorumağa hər an hazırdır və bunu öz müqəddəs borcu hesab edir. Dövlət başçımız - Ali Baş Komandan İlham Əliyevin düzgün vurğuladığı kimi, erməni əsgərlər ölmək istəmirlərsə, bizim torpaqlarımızı tərk etməlidirlər. Azərbaycan xalqının səbr kasası dolub, onilliklərlə davam edən işğal faktına son qoymaq üçün vətənpərvər, yüksək peşəkar nizami Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın dövlət başçısının sülhpərvər siyasətini dəstəkləyən Azərbaycan xalqı münaqişənin dondurulmuş halda qalmasını istəmir, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərarını istəyir və dünya birliyindən də bunu gözləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur. Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir.