“Qanunun aliliyini qorumaq ən şərəfli vəzifədir” Müsahibə

“Qanunun aliliyini qorumaq ən şərəfli vəzifədir”

Kamal Abdulla: "Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb"

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Azərbaycanda dini radikalizm hansı səviyyədədir?

- Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilkin dövrlərdə bir sıra qeyri-ənənəvi dini təriqətlər ideologiyalarını ölkəmizdə yaymağa cəhd göstərərək müəyyən sayda ölkə vətəndaşlarını öz sıralarına cəlb etməyə nail olmuşdu. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də qətiyyətli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Tam əminliklə söyləyə bilərəm ki, o zaman həmin tədbirlər həyata keçirilməsəydi, biz bu gün ölkədə dini sahədə tam fərqli və namünasib bir mənzərənin şahidi olardıq. Həmin dövrdə qonşu respublikalarda dini sahədə müəyyən gərginliklər müşahidə olunsa da, Azərbaycanda sabitlik hökm sürdü.
Hazırda hüquq-mühafizə orqanları radikal və ekstremist meyllərin qarşısının alınması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ölkədə bütün radikal dini cərəyanların fəaliyyəti nəzarətə götürülüb, zərərli dini ədəbiyyatın idxalının və ölkədə yayılmasının qarşısı alınıb. Eyni zamanda, qanunlara müəyyən əlavə və dəyişikliklər edilib, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunub. Buna paralel olaraq ölkədə geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Son bir ildə şəhər və rayonlarda yüzlərlə belə tədbirlər həyata keçirilib, artıq bu tədbirlərin səmərəsi açıq hiss olunur.
Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bütün ölkə vətəndaşları qanunun aliliyini qorumalıdırlar. Bu, ən şərəfli vəzifədir. Dövlət dini etiqad və vicdan azadlığı üçün lazım olan hər cür şərait yaradıb, vətəndaşların üzərinə düşən əsas vəzifə qanunun tələblərini yerinə yetirmək, dövlətin həyata keçirdiyi quruculuq işlərində yaxından iştirak etməkdir.

- Ölkəmizdə dini təhsil sahəsində vəziyyət necədir? Kadr təminatı sahəsində problemlər varmı?

- Bildiyiniz kimi, Azərbaycan hökuməti dini təhsil sahəsinə xüsusi qayğı və diqqət göstərir, təhsilin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daim müəyyən tədbirlər həyata keçirir. Bu gün Azərbaycanda təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi üçün dövlət lazım olan bütün addımları atır və bundan sonra da zəruri tədbirləri görəcək. Hazırda bu sahə dövlətin ciddi nəzarətindədir. Bu gün ölkədə iki ali məktəb – Bakı Dövlət və Bakı İslam universitetləri ali dini təhsil verir. Din sahəsində mütəxəssislərin hazırlanmasında bu təhsil ocaqlarının rolu böyükdür. Bununla yanaşı, ölkədə bir neçə dini mədrəsə fəaliyyət göstərir. Yeni mədrəsələrin açılması ilə bağlı müəyyən hazırlıq işləri görülür. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi din sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə faydası böyük olan hazırlıq kursları təşkil edir.

- Xaricdə dini təhsil alanların statistikası barədə məlumat varmı?

- Ümumiyyətlə, bu günə kimi təxminən 1000-ə yaxın Azərbaycan Respublikasının vətəndaşı xaricdə dini təhsil almağa gedib, onların böyük bir qismi artıq Azərbaycana dönüb. Bu şəxslərin çoxu müstəqilliyin ilk illərində xaricə təhsil almağa gedənlərdir. Onu da qeyd edim ki, hazırda bu tendensiyanın zəiflədiyi müşahidə olunur. Həmin tələbələrin bu gün fəaliyyəti əlaqədar dövlət qurumlarının qayğısı və nəzarəti altındadır. Xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi həmin tələbələrin cəmiyyətdə özünə yer tapması, işlə təmin edilməsi, dini və dünyəvi biliklərinin artırılması, eləcə də digər problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

- Müşavir təyin edildikdən sonra dini sahədə hansı problemlərin həllinə ilk növbədə diqqət yetirməyi zəruri saydınız və bu problemlərin həlli istiqamətində ötən dövrdə hansı uğurlar əldə olunub?

- Bildiyiniz kimi, mən bu vəzifəyə təyin olunduqdan sonra ilk işim Azərbaycanın bütün bölgələrinə səfər edərək dini ibadət yerlərinə baş çəkmək, dindarlarımızla, müxtəlif konfessiyaların nümayəndələri ilə görüşüb söhbət etmək və dini durumu dərindən öyrənmək oldu. Həmin dövr ölkədə dini durum bir qədər gərgin idi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə döyüşlərə cəlb edilməsi ilə bağlı həyəcanlı xəbərlər yayılırdı. Bu sahədə dövlət təşkilatları ilə koordinasiyalı şəkildə gördüyümüz əsas işlərdən biri radikal və ekstremist cərəyanların ölkədə yayılmasının qarşısının alınması və maarifləndirmə işinin gücləndirilməsi oldu. Son bir neçə ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə maarifləndirmə sahəsində bir sıra ardıcıl və məqsədyönlü layihələr həyata keçirilib. Ölkəmizin ümumi inkişafı, dünyanın aparıcı ölkələri sırasında qətiyyətli, özünəinamlı şəkildə yer alması da öz-özlüyündə dini müstəvinin loyallaşma dərəcəsini yüksəldib. Radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb, Heydər Məscidinin nümunəsi, Qafqaz Müsəlmanları İdarəsinin təşviqi əsasında bir sıra məscidlərdə vəhdət namazlarının qılınmasına, məscidlər arasında mənəvi bağların gücləndirilməsinə nail olunub. Bu, bütün dünya üçün örnək hadisədir. Artıq ziyarətgahlar və məscidlər mənsub olduqları məzhəbdən asılı olmayaraq bir-birinə birbaşa yardım əli uzadır. Mir Mövsüm Ağa ziyarətgahının Zaqatalanın Əliabad kənd məscidində aparılan təmir işlərinə yardım göstərməsi buna bariz nümunədir. Eyni zamanda, Azərbaycan alimlərinin Bərdə İmamzadə Kompleksində aparılan təmir və bərpa işlərində yaxından iştirak etməsi onlar arasında birliyin və həmrəyliyin yüksək göstəricisidir.

- Məzarlıqlarla bağlı məsələ hələ də açıq qalıb. Bu məsələ ilə əlaqədar gah qanun layihəsi hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması, gah da Nazirlər Kabinetinin qərar qəbul etməsi barədə təkliflər səslənirdi. Bu yaxınlarda Dini Komitənin sədri Mübariz Qurbanlı mətbuata açıqladı ki, qərar layihəsi forması daha realdır və hətta Nazirlər Kabinetində bununla bağlı üç dəfə müzakirə keçirilib. Bu məsələnin həllinin bu qədər uzanmasına mane olan nədir?

- Sözügedən sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyi ilə birgə hazırlayaraq Nazirlər Kabinetinə və digər əlaqədar qurumlara təqdim edib. Məndə olan məlumata əsasən həmin məsələ ilə bağlı müxtəlif dövlət qurumları ilə müzakirələr aparılıb, görüşlər keçirilib, rəylər alınıb. Yaxın zamanlarda bu məsələnin də öz həllini tapacağı gözlənilir.

- Yas mərasimlərinin təmtəraqlı təşkil olunmasına qarşı bir müddət əvvəl təqdirəlayiq kampaniya başlandı və qismən bunun qarşısı alındı. Rəhbərlik etdiyiniz dövlət müşavirliyi və Dini Məsələlər üzrə Dövlət Komitəsi israfçılığa qarşı mütəmadi təbliğat aparırdı. Lakin sonradanQafqaz Müsəlmanları İdarəsi sədrinin qardaşı, deputat Cavanşir Paşazadə mətbuata bu kampaniyadan narahatlığını ifadə edən açıqlama verərək bildirdi ki, bu, adət-ənənədən irəli gəlir və mərasimlərə qarışmaq düzgün deyil. Bunun ardınca da yenidən təmtəraqlı yas mərasimlərinin keçirilməsi artdı. Bu barədə nə deyə bilərsiniz?

- Onu deyə bilərəm ki, bu məsələ məcburi olmur, bu, ictimaiyyətin işidir və insanlar özləri bu haqda öz sözlərini deməlidirlər. Bilirsiniz ki, Naxçıvanda bu məsələ nümunəvi şəkildə öz təbii həllini tapıb. Bəzi başqa yerlərdə də biz bunun müsbət təzahürlərini görürük. Həyat özü hər şeyi tənzim edir və edəcək. Müsəlman ölkələrində bizdə təşkil olunan yas mərasimləri kimi mərasimlər, demək olar ki, yoxdur və dini müstəvidə baş verən proseslər din daşıyıcıları, ictimaiyyət tərəfindən tənzimlənir. İnanıram ki, yavaş-yavaş bu məsələdə də optimal nəticəyə gələcəyik.

- Məscidlərdə kitabxanaların yaradılması barədə informasiyalar yayılmışdı. Bu məsələ nə yerdədir?

- Bölgələrdə səfərdə olarkən məscidlərin kitab rəflərində ən yaxşı halda yalnız dini ədəbiyyatın olduğunu görürdüm. Düşünürdüm ki, ibadət ocaqlarında dini kitablarla yanaşı, dünyəvi mövzulara aid kitabların da olmasına böyük ehtiyac var. Ömrünün mənasını İmam Hüseyn türbəsinə xidmət etməkdə görmüş dahi şairimiz Füzulinin əsərləri məscidlərdə niyə olmasın? Digər klassiklərimizin də həmçinin. Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq asmağa gəlməməlidirlər. Məscid bu gün ancaq məscid yox, həm də mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır. Təbii ki, belə məscidin axundu və imamı insanların maariflənməsi yolundakı ehtiyaclarını adekvat şəkildə ödəməlidir. O, daim özünü elmi baxımdan təkmilləşdirməlidir. Bu gün öyrənmək istəyənlərin tələbi çox yüksəkdir. Artıq məscidlərdə kitabxana ilə bağlı bir sıra işlər görülüb. Bakıda və respublikanın bir sıra rayon və şəhərlərinin məscidlərində, ziyarətgah komplekslərində həm dini, həm də dünyəvi məzmunlu ədəbiyyat üçün rəflər ayrılıb, kiçik də olsa, kitabxanalar yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mütəmadi olaraq Azərbaycan məscidlərinə yeni kitablar paylanılır.