“Arxamda ən böyük dərin güc var!” Müsahibə

“Arxamda ən böyük dərin güc var!”

Ekmeleddin İhsanoğlu: "Prezidentlik yan gəlib yatma yeri deyil"

Türkiyənin iki aparıcı müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) prezidentliyə ortaq namizədi, İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun Türkiyə mətbuatına müsahibəsi

- Qarşınızda Tayyib Ərdoğan kimi güclü bir rəqib var, narahatlıq duyursunuzmu? Siyasi təcrübənizin olmaması sizi narahat edirmi?

- Bu güləş deyil, mədəni bir yarışdır. Namizədlər millətin qarşısına çıxıb necə bir prezidentlik düşündüklərini, proqramlarını, necə xidmət edəcəklərini izah edəcəklər. Sonra qərar millətindir: Bundan başqa bir şey söyləmək istəmirəm.

- Namizədliyinizə dair müxtəlif şərhlər verilir. Arxanızda Camaat, ABŞ, ya da başqa dərin güclər, gizli dəstəkçilər varmı?

- Arxamda ən böyük dərin güc var! Millətin gücü! Kimlər namizəd göstərdi, elan edildikdən sonra dəstək halqaları necə genişlədi, hamısı şəffafdır! Partiyalar adım üzərində razılaşmış. Bunun xaricindəki bütün iddialar fantaziyadan ibarətdir.

- Yaxşı, Aydın Doğanın namizədi olduğunuz doğrudurmu?

- Belə şeylər söyləmək insanın ağlına hörmətsizlikdir. Bir adam sizi sevə bilər, namizəd olmanızı istəyə bilər, amma bu sizinlə əlaqədar bir siyasi proyektin içində iştirak etdiyi mənasını verməz. 2007-ci ildə də adım ortaya çıxmışdı. O zaman qəti olaraq təşəkkür edib rədd etmişdim.

- Bəs Kamal Dərvişin vasitəçilik etdiyi və Kamal Kılıçdaroğlu ilə onun vasitəsilə görüşdüyünüz iddiası nə qədər doğrudur?

- Belə bir şey olmayıb. Kamal Dərviş "Hörmətli İhsanoğlunu tanıyaram, amma mən təklif etmədim" deyə açıqlama verib. O bunu söylədikdən sonra qalanlar boş sözdür.

- Mitinq keçirməyəcəksiniz?

- Mübarək Ramazan ayında mitinq etmək, insanları istidə sürümək nə qədər doğrudur? İftardan sonra, obaşdan əvvəlmi edəcəksiniz? Amma biz ellərimizə, mahallarımıza gedirik, hörmətli insanlarla görüşür, xalqla qucaqlaşırıq.

- Seçki kampaniyasını necə maliyyələşdirəcəksiniz?

- Bu seçkidə namizədlərə kömək yoxdur. Hədiyyə yığa bilərsiniz, amma götürəcəyiniz hədiyyə adam başı 9 min lirəni keçməməlidir. Seçki qanunu bir adam üçündür.

- Tayyib Ərdoğan ilə canlı verilişə çıxmağı düşünərsinizmi?

- Təbii, çox istəyərəm. Prezidenti xalqın seçməsi bir yeniliksə, bunun gərəyi namizədlərin bir araya gəlib açıq iclasa qatılması və xalqa öz fikirlərini açıqca söyləməsidir.

- Səlahəddin Demirtaşın namizədliyinə necə baxırsınız?

- Haqqıdır. Özü ilə görüşdüm, həqiqətən çox hörmətə layiq bir siyasətçi və çox centlmen bir insandır.

- Seçilə bilməsəniz önümüzdəki illərdə siyasətə qatılmağı düşünərsinizmi?

- Hər vaxtın bir azanı vardır.

- Kürd məsələsinə və həll müddətinə demokratik bir perspektivdən baxdığınızı açıqladınız. Qırmızı xətləriniz varmı?

- Əlbəttə, hökumətlərin liderliyi və təşəbbüsü olacaq, amma müddət tək partiyanın fikri istiqamətində irəliləməməli, Məclisdə uzlaşma, xalqın bütünündə qəbul etmə olmalıdır. Prezident də bunu himayə edən, asanlaşdıran və dəstək verən bir mövqedə olmalıdır.

- Kürd məsələsinin həllində prezidentin aktiv bir rol oynamasını istəyirsiniz. Yaxşı, icraçı prezidentlik müzakirələrinə yanaşmanız nədir?

- Əlbəttə, aktiv olmaq lazımdır. Prezidentlik yan gəlib yatma yeri deyil. Ora böyük məsuliyyətlərin olduğu bir mövqedir. Lakin bunu öz təqdirinizə görəmi, yoxsa Konstitusiyanın hökmlərinə görəmi edəcəksiniz? Xalqdan aldığınız gücü öz siyasi proqramınız üçünmü, yoxsa 76 milyonun mənfəəti üçünmü istifadə edəcəksiniz? Tərəf tutan deyil, bütün tərəflərə qucaq açan bir prezident olmaq istəyirəm. Çox aktiv olmaq lazımdır, amma bu aktivlik tərs istiqamətə yönəlsə, ölkənin xeyrinə olmaz.

- Atanız Mehmed İhsan Efendi cümhuriyyətin elanından bir il sonra Misirə getmişdi. Atanızı və ən yaxın dostu Mehmet Akifi ölkəni tərk etmək məcburiyyətində buraxan bir düşüncə sisteminin namizədi olmanız bir qədər qəribə deyilmi?

- Bu məsələdə səhv bir məlumatı düzəltmək istəyərəm. Rəhmətlik atam 22 yaşında Misirə təhsilini tamamlamaq üçün getmişdi. İstiqlal marşımızı yazan Mehmet Akif ilə atam arasında nəsil fərqi vardır. Namizədliyim mövzusuna gəlincə, mən hər hansı bir düşüncə sisteminin namizədi deyil, Türkiyə cümhuriyyətinin prezidentliyinə namizədiyəm. Bütün partiyalara, bütün siyasi görüşlərə bərabər məsafədəyəm. Atam yaşasaydı, namizədliyimə dəstək verərdi.

- Türkiyədə dünyəvi həssaslıqları olan insanlar da, mühafizəkarlar da sizə şübhə ilə baxır. Bu iki seqmentin gözləmələri bir-birinin ziddi ikən hər iki seqmenti necə razı salacaqsınız?

- Fikirlərini açıqca yazmış, söyləmiş bir insanam. Bəyənməyənlər ola bilər, amma tərs şərhlərlə ziddiyyət yaratmaq istəyənlərə etibar etməmək lazımdır.

- 2007-ci ildə, ya da hər hansı bir dövrdə AKP-dən namizədlik təklifi almışdınızmı?

- Bunun cavabı tarixə düşəcək bir şeydir. Danışmaq istəmirəm.

- Dindarsınızmı? Qayınatanız sizi heç namaz qılarkən görmədiyini söylədi. Zarafat idimi?

- Namazı, orucu, həcci, zəkatı, bütün fərzləri yerinə yetirən bir insanam, amma bunun ətrafında danışmağı gərəksiz sayıram.

- Ailənizin digər üzvləri necə bir həyat yaşayır? CHP-li qohumlarınız varmı?

- Ənənə və adətlərini mühafizə edən, müasir və müasir dünya görüşünə sahib fərdlərdən ibarət olan xoşbəxt bir ailəm var. Fərqli siyasi partiyalara simpatiya edən qohumlarım var.

- Türkiyə uzun müddətdir 17 dekabr əməliyyatı və "paralel dövlət" iddiası ilə çalxalanır. Paralel quruluşun varlığına inanırsınızmı? Gülən Camaatına baxışınız necədir?

- Türkiyədə siyasi partiyalar dəstək axtarışı içində camaatları səs və prestij qaynağı olaraq görmüşdür. Bu son hadisələrə isə münasibət fərqlidir. Bunun qarşısında obyektiv bir şərh vermək xeyli çətinləşdi. Mühakimə müddətinin bir an əvvəl bitməsini gözləyirik. Mənim hər hansı bir camaat ilə əlaqəm yoxdur.

- Daha dəqiq cavablar eşitmək istəyirik: Sizcə, 17 dekabr əməliyyatı bir sui-istifadə istintaqı idimi, yoxsa hökumətə qarşı sui-qəsd idimi?

- Məclis bir istintaq komissiyası qurub. Mübahisə içərisinə girmək istəmirəm. Şübhəsiz ki, hər hansı bir sui-istifadə iddiasının üstünü bağlamamaq lazımdır. Əks halda cəmiyyət içəridən çürüyər.

- Mal varlığınızı açıqladınız. "Çox pulu varmış, necə qazanmış" deyə maraqlananlar var...

- Atam zəngin bir insan deyildi, amma babam zəngin idi, mirasının dörddə birini mənə vəsiyyət edib. Həyat yoldaşımın atası da əhəmiyyətli bir miras sahibi olub. 35 il beynəlxalq təşkilatlarda çalışmışam. Kitablar yazmışam, əsərlərim müxtəlif dillərə tərcümə edilib. Həyat yoldaşım bunları çox yaxşı qiymətləndirib.

- Yeməklə aranız necədir?

- Yeməyi sevirəm, amma sağlamlıq baxımından az yeyirəm. Oruc da sağlamlıq baxımından çox faydalıdır. Yalnız Ramazanda deyil, başqa günlərdə tutduğunuz zaman da yaxşı olar. Türk mətbəxinin vurğunuyam. Fransız və italyan yeməklərini də sevərəm. Şirin və duzlu bir arada olduğu üçün Uzaq Şərq mətbəxini çox sevmirəm.
Səyahəti sevərəm. Son 9 ildə 100-ə yaxın ölkəyə getdim. Bir də mənə "tanınmırsan" deyirlər! (Gülür:) Həm klassik türk və sənət, həm də Qərb musiqisini çox sevərəm. Türkiyədə olduğum zamanlar İstanbul Filarmoniyası və Ankara Prezidenti yanında Simfonik Orkestrinin konsertlərini izləyərəm. Xaricdə olduğum zaman opera və baletə getməkdən böyük həzz alaram. Klassik cazı da çox sevərəm. İstanbul Caz Festivalını mütləq izləyərəm. Bunlar bir-biri ilə uyğun gələn şeylərdir. İki mədəniyyəti bir-biri ilə qarşı-qarşıya qoymaq bizim tariximizi səhv anlamamızdan qaynaqlanır.