Türk ədəbiyyatının tanınmış simalarından biri - Sultan Vələd Ədəbiyyat

Türk ədəbiyyatının tanınmış simalarından biri - Sultan Vələd

1-ci yazı

Sultan Vələd türk ədəbiyyatının tanınmış simalarından biridir. O, 1226-cı ildə Qaramanda (Larəndə) anadan olub. Əsl adı Bahəddin Məhəmməd Vələd olan bu şəxs XIII əsr türk ədəbiyyatında şair, alim və ariflik zirvəsinə yüksəlmiş Mövlana Cəlaləddin Ruminin böyük oğludur. Cəlaləddin Rumi ona öz atası Bahəddin Vələdin adını verib. Lakin bəzi mənbələrdə onun adının Bahəddin Əhməd olduğu da göstərilir. Sultan Vələdin kiçik yaşlarından başlayaraq təlim və tərbiyəsi ilə atası məşğul olub.
Məhz atasının müəllimliyi sayəsində o, ərəb dilini öyrənib, fiqhə dair ən məşhur əsərləri oxuya bilib. C.Rumi Sultan Vələdin dini elmləri daha dərindən mənimsəməsi üçün onu kiçik oğlu Ələddinlə birlikdə Şama göndərib. Onun elmi, fəlsəfi, dini və ədəbi görüşlərinin təməlində atası Mövlananın təlimi dayansa da, o, dövrünün ayrı-ayrı alimlərindən mərifət və irfan əxz edib, onların elmi və dini baxışlarından faydalanıb. Bu mənada Sultan Vələdin Bürhanəddin Tirmizi, Şəms Təbrizi, Çələbi Hüsaməddin, Şeyx Kəriməddin və s. ariflər əhatəsində olması, onlardan bir çox mətləbləri öyrənməsi onun fikirlərinin mükəmməlliyini təmin edib. Mənbələrdə qeyd olunduğu kimi, Sultan Vələd Şəms Təbrizinin təsirinə düşməmişdən əvvəl Bürhanəddin Tirmiziyə bağlanıb, ondan təriqətçiliyin sirlərini öyrənib, Tirmizinin ölümündən sonra (1241) təxminən beş il yenidən atasından mərifət dərsi alıb. 1244-1247-ci illərdə isə o, atası ilə birlikdə Şəms Təbrizinin təsirində olub. Şəms Təbrizinin "qeybindən" sonra Sultan Vələd atasının məsləhəti ilə Şeyx Səlahəddini özünə mürşid seçib. C.Ruminin oğluna "bundan sonra o padsahlar padşahı Səlahəddinə uy, Şəmsəddin (Şəms Təbrizi) budur" deməsi S.Vələdin mürid məsuliyyətini artırıb və onu mürşidi Şeyx Səlahəddinə ürəkdən bağlayıb. Onu da qeyd edək ki, Sultan Vələd atasının məsləhəti ilə Şeyx Səlahəddinin qızı Fatma xatunla ailə həyatı qurub. 1263-cü ildən 1284-cü ilə qədər 21 il müddətində Mövlananın müridi Hüsaməddin Çələbi Sultan Vələdə mürşidlik edib. Hüsaməddin Çələbinin ölümündən sonra o, Şeyx Kəriməddinin şagirdi olub. Lakin dövrünün ifan sahiblərindən dərs alsa da, Sultan Vələd atasının yolunu - Mövlanəliyi əsas yol seçib, onu davam etdirib, atasının elmi-dini zövq və baxışlarına hörmətlə yanaşıb. Sultan Vələd 1312-ci ildə Konyada vəfat edib.
Klassik türk ədəbiyyatında C.Rumi ənənəsinin ilk davamçılarından olan Sultan Vələd bir divan, üç məsnəvi və "Maarif’ adlı mənsur əsər müəllifi kimi məşhurdur. O, əsərlərini ərəb, fars, türk və yunan dillərində yazıb. Lakin yaradıcılığında farsdilli nümunələr böyük üstünlük təşkil edir. Bununla yanaşı, tədqiqatçıların hesablamalarına görə Sultan Vələdin türkcə 14 qəzəli, 238 beyti, ərəbcə 8 mənzuməsi, 3 rübaisi, 220 beyti, yunanca isə 66 beyti var. Yaradıcılığında farsdilli nümunələrin çoxluğu heç şübhəsiz, o dövrki ədəbi prosesdə fars dilinin aparıcı olması ilə bağlı olub. Qeyd edək ki, Sultan Vələd əsasən fars dilində yazsa da, onun türk dilinə böyük rəğbəti olub. Özünə qədərki türk ədəbiyyatında türkcə şeirlər yazmış C.Rumi və Səyyad Həmzə ilə müqayisədə yaradıcılığındakı türkdilli nümunələrin sayına görə Sultan Vələd ön sırada dayanır.
Aşağıdakı qəzəl və məsnəvi parçaları Sultan Vələdin türk dilinin incəliklərindən istifadə etməklə gözəl poetik nümunələr yaratdığını təsdiqləyir:

Senin yüzün güneşdir yohsa aydur
Canum aldı gözün dakı ne aydur.
Benüm iki gözüm bilgil canum-sen
Beni cansuz koyasun sen bu geydür.
Gözümden çıkma kim bu ev senündür,
Benüm gözüm sanayahşı saraydur.
Ne okdur bu, ne ok kim değdi senden,
Benüm boyum sünüydi, şimdiyaydur.
Temaşa çün berü gel kim göresen,
Nite gözüm yaşı ırmaku çaydur.
...Bana her gice senden yüzbin assı,
Benüm her gün işim senden kolaydur.
Veledyohsuldı sensüz bu cihanda,
Seni buldı bu gezden begü baydur.

***

Tanrı didi: "Sayru oldum" Musaya,
"Kendü dostın kişi böyle isteye".
Musa didi: "Haşa senden sayruluk,
Sen Halıksen senge kanden sayruluk".
Yine didi: "Sayru oldum gelmedün,
Didügim sözi hisaba almadun".
Musa didi: "Bu sırrı anlamazem,
Maksudın nedür bu sözden bilmezem".
Tanrı didi: "Sayru oldu bir velim,
Dünya içre sayruluk dartdı delim.
Kim anı göre beni görmişdür ol.
Kim anı sora beni sormışdur ol.
Beni anda, anı bende görünüz
Beni andan, anı benden sorunuz.

Klassik türk ədəbiyyatında Mövlana təsiri Sultan Vələdlə başlayır. Qeyd etmək lazımdır ki, C.Rumi Sultan Vələdin həm də ruh atası olub. Özünün də qeyd etdiyi kimi, "Babasının verdiyi bilgidən və və- lilikdən başqa Vələdin nə bilgisi, nə də vəliliyi olub". Bu səbəbdən C.Rumi ideyaları bütünlükdə Sultan Vələd üçün əhəmiyyətli olmuş, ruhi-mənəvi körpüyə çevrilib, atasının sənəti istər forma, istər məzmun, istərsə də ideya baxımından onun yaradıcılığında örnək rolunu oynayıb. Ona görə də şairin divanı ilə C.Ruminin divanı, "Vələdnamə", "Rübabnamə" və "İntihanamə" məsnəviləri ilə C.Ruminin "Məsnəvisi" nəhayət, "Maarif’ adlı əsəri ilə C.Ruminin "Fihi-Mahif’ əsəri arasında bir yaxınlıq müşahidə olunur. Məsələn, "Vələdnamə" məsnəvisi ilə bağlı Sultan Vələdin söyləmiş olduğu - "bu kitabım tamamən Quranın anlamı və sirridir. Kim candan könül bağlarsa, o, Quranın anlamı qarşısında özünü unudar. Bu məsnəvilərdəki sözlər tamamilə öyüddür" fikirləri ilə C.Ruminin "Məsnəvi"sində olan "bu kitab "Məsnəvi" kitabıdır. Məsnəvi həqiqətə varmaq və Allah sirlərindən agah olmaq, onları dərk etmək istəyənlər üçün bir yoldur. "Məsnəvi" dinin əsaslarının əsaslarıdır. "Məsnəvi" təmizliyə qovuşan kəslərin könülləri üçün şəfadır, hüznləri yox edər, "Quran"ı dəqiq anlatmağa yardımçı olan, xasiyyətləri gözəlləşdirər"... kimi fikirlər arasında ruhi-mənəvi yaxınlığı görməmək qeyri-mümkündür.
Sultan Vələd ilk növbədə divan şairidir. Heç şübhəsiz, şairin divan tərtib etməsində C.Ruminin böyük təsiri olub. S.Vələdin ilk məsnəvisi olan "Vələdnamə"sindən götürülən aşağıdakı bu sözlər bu fikri tam təsdiqləyir: "Mövlana çeşidli vəznlərdə divanlar meydana gətirib, rübailər söyləyib. Mən də ona uydum və bir divan tərtib etdim". Fars, ərəb, türk və rum dillərində müxtəlif şeir şəkillərindən qəzəl, qəsidə, rübai, qitə, tərcibənd, tərkibbənd, müsəmmədən ibarət divanında əsas yeri farsdilli nümunələr tutur. Divanda fars dilində olan şeirlər 826 qəzəldən, 32 qəsidədən, 9 qitədən, 10 tərcibənddən, 23 müsəmmədən, 454 rübaidən ibarətdir. Göründüyü kimi S.Vələd divanında qəzəl və rübailər üstünlük təşkil edir. Bu da ilk növbədə şərq şeir ənənəsinə bağlılığın nəticəsi kimi xarakterizə oluna bilər. Maraqlı faktdır ki, S.Vələd qəzəllərinin böyük əksəriyyətini C.Rumi qəzəllərinə nəzirə olaraq yazıb. Bu qəzəllərin hamısında Rumiyə məxsus üslub diqqəti cəlb edir. "Şeirlərində bir çox hallarda qafiyəyə o qədər də önəm verməməsi, fikrin ifadəsində konkretliyə əməl etməsi və s. hallar Sultan Vələd sənətinin özəlliklərindəndir." Sultan Vələd bir şair olaraq məsuliyyət hiss edib, sənətdə özünü "əksik və qüsurlu bilməyib". Bu mənada şairin aşağıdakı fikirlərinə nəzər salmaq kifayətdir: "Söylədiyim sözlər açıq və aydındır. Mənalar dənizindən minlərcə inci çıxardım və xalq üçün dəldim. Sözlərim can kimidir. Bütün şeirlərim təzə və axıcıdır. Vələdin sözü candır. Vələdin sözündə xəta və yanlışlıq yoxdur. Ey Vələd! Bundan sonra da çəkinmədən, yorulmadan söylə, zira nəzmin və nəsrin gözəldir". Bu sözlər ədəbi-nəzəri fikir kimi vələdşünaslığın ilkin təməlində dayanmaqla yanaşı, həm də onun sənətinə düzgün qiymət vermək baxımından əhəmiyyətlidir.
S.Vələd poeziyası daha çox irfanı düşüncə anlamında haqqın sirlərini "açmaq və anlatmağa" xidmət göstərir. Təbii ki, bu yanaşma və özünəməxsus bədii ifadə tərzi onun rübailərindən də yan keçmir. Sultan Vələd çoxsaylı rübailəri ilə Şərq lirik-fəlsəfi fikrinin inkişafında özünəməxsus rol oynayıb. Sultan Vələdə görə, insan ruh və cisim olmaqla iki varlıqdan ibarətdir. Ruh ilahi, cisim isə maddidir. Ona görə də, insan ruh daşıyıcısı olmalı, nəfsinə qalib gəlməli, Rəbbinə qovuşmalıdır: "Ey dost! Əgər onu bilsən və ona sarılsan, həmin an bədənini və canını fəda edərsən. Daşa basılmış şeytandan və inkarçı nəfsindən qurtarıb Rəhmanın sifətlərinə bürünərsən. Sən bizim sevgilimiz və bizə layiq olduğun üçün ruh kimi bizim könlümüzə hakimliyin daha yaxşıdır. Hər nə qədər yoxluq seli yeri, göyü götürsə də sənin eşqini bizim başımızdan ala bilməz".
Sultan Vələd bu dünya xoşbəxtliyini insanın Allaha könül verməsində, zamanın köləsi deyil, Tanrı "köləsinə" çevrilməsində, qəlbini Haqq nuru ilə doldurmasında görür. "İlahi meyi" içib "sərxoş" olmağı şair insan həyatının "yeni" mərhələsi kimi dəyərləndirir: "Eşq gəldi, məni sərxoş etdi və nəşələndirdi, zəmanəyə köləlik etməkdən məni qurtardı. Sənin gözəlliyin qarşısında olduğumu görüncə, şəfqətlə məni oxşadı və mənə yenidən həyat verdi. Baş qoyduğun hər torpaq üzərində səcdə edilən Odur. İbadət edilən Odur. Gül, bülbül, səma və gözəli anmam. Hər iki dünyada məqsədim Odur".
"Vələdnamə" Sultan Vələdin yazmış olduğu 3 məsnəvinin birincisidir. Şair məsnəvinin dibaçəsində əsəri "Məsnəviyi Vələd" adlandırıb. Lakin ədəbiyyat aləmində Vələdnamə adı ilə tanınan bu əsər şairin ilk məsnəvisi olduğuna və "ibtidai" kəlməsi ilə başladığına görə "İbtidanamə" kimi də tanınır. Əsər 1291-ci ilin mart-iyun aylarında nəsr və nəzm şəklində yazılıb. Fars dilində yazılmış bu əsər 9007 beytdən və 165 başlıqdan ibarətdir. Qeyd edək ki, həmin beytlərin 180-i ərəbcə, 76-sı türkcə və 23-ü rumca yazılıb. "Vələdnamə" Sənainin "İlahinamə"sinin vəzninə uyğun olaraq, xəfif bəhrində (failatün, məfailün, failün) qələmə alınıb.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor