Prezident ciddi geosiyasi əhəmiyyət kəsb edən açıqlamalar verib Siyasət

Prezident ciddi geosiyasi əhəmiyyət kəsb edən açıqlamalar verib

Elşən Manafov: “Ermənistan rəsmi olaraq Azərbaycan torpaqlarına olan iddialarından imtina etməlidir”

Dövlət başçisi İlham Əliyevin ADA Universitetində "Cənubi Qafqaz: inkişaf və əməkdaşliq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı regionda nəhayət ki, dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı problemlərə Azərbaycan dövlətinin baxış və mövqelərinin izhar edilməsi konteksində ciddi geosiyasi əhəmiyyət kəsb edən bir açıqlamadır.

Bunu “Xalq Cəbhəsi”nə açılqlamasında politoloq Elşən Manafov deyib.

Politoloq qeyd edib ki, Prezident Əliyev AB-nin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdə Ermənistanın baş nazirinə təqdim edilmiş 5 məlum təklifi bu dövlətlə sülh müqaviləsinin imzalanması və münasibətlərin qarşılıqlı etimad müstəvisi üzərinə gətirilməsi prosesində təməl daşı rolunda çıxış edəcək şərtlər kimi dəyərləndirib: “Ermənistanla dövlət sərhədlərinin demarkasiyası və demelitasiyası prezidentin də qeyd etdiyi kimi münaqişə tərəfləri olan dövlətlər arasında problemlərin nizamlanması işində ilkin və vacib mərhələ olmalıdır. Bununla yanaşı dövlətlər bir-birilərinin ərazi butövlüklərini tanımalı, bir-birilərinin daxili işlərinə müdaxilə etməyəcəkləri ilə bağlı öhdəliklər götürməli təminatlar verilməlidir. Uzun müddət davam edən münaqişənin səbəbi Ermənistanın Azərbaycan ərazisi sayılan Qarabağ torpaqlarına iddiası və bunun nəticəsi olaraq “DQ” və onun ətrafındakı torpaqların işğalı olduğundan Ermənistan rəsmi olaraq Azərbaycan torpaqlarına olan iddialarından imtina etməlidir. Bu halda münaqişə nəticəsində qapadılmış nəqliyyat dəhlizlərinin, habelə kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər ətrafında razılığa gəlmək olar. Təkliflər paketi Azərbaycanın sülh istədiyini, problemin beynəlxalq hüquq və qarşılıqlı maraqlar konteksində həllində maraqlı olduğunun göstəricisidir”.

E.Manafovun fikrincə, Prezident 44 günlük məlum savaşdan sonra bölgədə geosiyasi reallıqların dəyişdiyini və bölgədə maraqları olan digər tərəflərin də bu reallıqlarla artıq barışdığı faktını vurğulamaqla Ermənistanın siyasi istibleşmintinə, onun cəmiyyətinə problemin həllini uzatmamağı, dərhal sülh danışıqları masası arxasına keçməyi təklif edir və bu da həm bölgə ətrafindakı yeni geosiyasi reallıqlar, həm də savaş nəticəsində iqtisadiyyatı az qala defolt vəziyyətinə duşmuş, ordusu ciddi itkilər vermiş və tar-mar olmuş Ermənistanın indiki durumu baxımından anlaşılandır: “ATƏT-in Minsk qrupunun artıq əvvəlki formatda işini davam etdirə bilməyəcəyi, Minsk qrupunun format və statusunun ciddi deformasiya uğraması, tərəflərin səfirləri xüsusi nümayəndəliklər əvəz etməsi və s. məhz ordumuzun Ermənistan üzərində əldə etdiyi qələbənin nəticəsində baş vermiş geosiyasi reallıqların işdə inikasıdır. Bunu rəsmi İrəvan nəzərə almaya bilməz, odur ki, danışıqları uzatmaqla nəyinsə dəyişəcəyinə ümid etmək ermənilər tərəfindən siyasi naşılıq və nadürüstlükdən başqa bir şey olmayacaq və prezident Əliyev haqlı olaraq qeyd edir ki, bu avantura Ermənistana baha başa gələ bilər, zira bu halda Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Daim hazir vəziyyətdə olan "dəmir yumruğun" istənilən vaxt endirilməsi, prezident Əliyevin "biz Zəngəzur dəhlizinin istənilən halda açılmasına nail olacağı, ermənilər bunu istəsələr də, istəməsələr də" sərt xəbərdarlıqları fonunda, Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsi konteksinə gətirilməsi rakursunda, Azərbaycandan fərqli olaraq Ermənistan siyasi elitasının parçalanması bu ölkədə yaşanan naümidlik, habelə sosial və siyasi gərginlik rakursunda revanşist meyllərin Ermənistana neçəyə başa gələcəyini hesablamaq çətin deyil. Bununla belə prezident Əliyev əməkdaşlüq üçün imkanların olduğunu, etimad limitinin tükənmədiyini qeyd edir və məhz buna görə danışıqların xalq diplomatiyası yolu ilə aparılmasının da mümkünlüyünü vurğulayır, bu isə rəsmi Bakının mövqeyində yeni, həm də mövcud reallıqlardan irəli gələn mövqedir, zira ikinci Qarabağ müharibəsindəki qələbəmizə qədər iqtidar danışıqların paralel olaraq bu formatda aparılmasının əleyhinə idi və əlbəttə haqlı idi, indi isə xalq diplomatiyası yolu ilə danışıqlarda hər iki tərəfdən ziyalıların, alim, yazıçı, mədəniyyət xadimlərinin iştirak etməsi bütün hallarda tərəflər arasındakı münasibətlərdə etimad göstəricilərinin yüksəlməsinə təsir göstərmiş olar. İndi top ermənilərə aid meydançadadır, oyunun vaxtini uzatmaq məqsədilə erməni tərəfinin nümayiş etdirəcəyi oyun topun ermənilərə aid qapıdan keçməsi ilə nəticələnə bilər”.

Cavid