“Bəzi məsələlər var ki, onların həlli üçün qanunvericilik bazası yenilənməlidir” - HƏRBİ EKSPERT Siyasət

“Bəzi məsələlər var ki, onların həlli üçün qanunvericilik bazası yenilənməlidir” - HƏRBİ EKSPERT

Qazilərimizə hörmət və ehtiram hər birimizin borcudur. Azərbaycan dövləti də bu insanlara həmişə diqqət və qayğı ilə yanaşır.

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verən insidentə münasibət bildirərkən deyib.

Emin Həsənli dövlətin qayğısı nəticəsində qazilərimizin sosial-iqtsadi problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını da vurğulayıb: Qazilərimiz maşınla evlə təmin olunur. Ali Baş komandan İlham Əliyev daima onların problemlərinin həlli üçün addımlar atır. Ancaq o da danılmazdır ki, bəzi məmurlar dövlətimizin başçısının tapşırıqlarını yerinə yetirilməsində səhlənkarlığa yol verir”.

Hərbi ekspert hesab edir ki, yaranmış problemlər bir günün, bir ayın işi deyil: “Belə problemlər bütün müharibələrdən sonra baş verir. Vyetnam müharibəsindən sonra ABŞ-da “Vyetnam sindromu” yarandı, Əfqanıstan müharibəsindən sonra SSRİ-də “Əfqan sindromu” yarandı. Zamanla bu problemlər həll ediləcək. Bəzi məsələlər var ki, onların həlli üçün qanunvericilik bazası yenilənməlidir. Bu iş aparılır. Və əminəm ki, bu problemlər həll olunacaq. Ancaq bu gün bu problemlərin həllində müəyyən çətinliklər varsa bu heç bir vəchlə nazirliyin qarşısında belə qanuna zidd addımlar atılmasına, şüşənin sıdırılmasına haqq qazandırmır. Hər bir problem qanun çərçivəsində həll olunmalıdır. Əgər hansısa qazinin probleminə biganəlik varsa, onun qanuni haqqı verilmirsə daha yüksək instansiyalar var, ora müraciət edilməlidir, məhkəməyə müraciət edilməlidir. Mən əminəm ki, bizim qazi qardaşlarımız da bu yolla gedəcək və bir daha bu gün baş verən insident təkrarlanmayacaq”.