Fazil Mustafadan seçki dəyərləndirməsi Siyasət

Fazil Mustafadan seçki dəyərləndirməsi

"Ərdoğanın qələbəsi iğtişaşlara səbəb olacaq"

"İndiki məqamda Türkiyə cəmiyyəti üçün AKP-nin qalib gəlməsi daha faydalı nəticədir". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Fazil Mustafa Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, bu gözlənilən nəticə idi: "2009-cu ilin bələdiyyə seçkilərindən təxminən 6-7 faiz daha yüksək nəticə göstərildi. Əsas məsələ böyük şəhərlərin əldə saxlanılması idi. Gözlənilən nəticə oldu. Deyərdim ki, heç bir sürpriz olmadı. İctimai rəy sorğuları da özünü təsdiqlədi".
Deputatın fikrincə, seçki nəticələri göstərdi ki, xarici qüvvələrin Ərdoğana qarşı təşkil etdikləri kompramatlar əks-effekt verdi: "Türkiyə cəmiyyəti nə qədər siyasiləşsə də, partiyalar üzrə bölünsə də, seçkilərdə daha çox xidmətə üstünlük verdiklərini nümayiş etdirdilər. Kim daha yaxşı bələdiyyəçilik anlayışı ilə vətəndaşın marağını təmin edirsə, cəmiyyət də ona meyl edir. Hamı bu dəfə AKP-nin korrupsiya məsələsində çox ittiham olunacağını gözləyirdi. Ancaq əhali xeyli anlayış göstərdi. Çünki cəmiyyət anlayır ki, dövlət səviyyəsində korrupsiya olsa da, bu, əhalinin cibinə girən korrupsiya deyil".
F.Mustafa hesab edir ki, seçki nəticələri Türkiyədə növbəti iğtişaşlara səbəb ola bilər: "Türkiyədə son aylar baş verən hadisələr daha da böyüyə bilər. İqtidarın dəyişməməsi hakimiyyəti dəyişmək üçün narazı elektoratın başqa yollara əl atmasına səbəb olacaq. Ancaq ümid edək ki, nəticələr Türkiyəyə sabitlik gətirəcək".