"Regionda ciddi hadisələrə hazırlıq gedir" Siyasət

"Regionda ciddi hadisələrə hazırlıq gedir"

Ermənistanın bu proseslərdə özünü söz sahibi kimi çıxış etməsinə hesablanmış siyasət aparması ermənilərin danışıqlarda əldə etməyə çalışdıqları subyektivlik, yəni onların dediyi kimi müəyyən qədər özlərinə hörmət qoydurmaq istəyindən qaynaqlanır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Paşinyanın Çexiyada baş tutacaq sammitdə Türkiyə və Azərbaycan prezidentləri ilə görüşü bütün dünyaya Ermənistan prezidentinin guya nəsə həll edə bilməsi görüntüsünü yaratmaqdan ötəridir. Bununla da Paşinyan çalışır ki, belə görüşlərin hesabına Ermənistan cəmiyyətində ölmüş daxili ruhu nisbətən qaldırsın və onlarda özlərinə əminlik bərpa olunsun: "Bu oyunun daxili siyasətə hesablandığı mütləqdir, çünki xarici siyasət Ermənistan və Paşinyanlıq deyil. Buna maraqlı güclər qərar verir.
Baş tutacaq görüş maraqlı güclərin mövqelərini qətiləşdirmək və yürüdəcəkləri siyasətin istiqamətlərini bəlli etmək üçündür. Bu görüşdən sonra regionda maraqlı olan hər bir güc mərkəzi öz iddiası üçün daha kəskin fəaliyyətə keçəcək. Səbəb isə Rusiyanın Ukraynada düşdüyü çıxılmaz vəziyyətdir.
Azərbaycan Prezidentinin son çıxışında da hesab edirəm ki, buna işarə edilib. Prezident də görüşdən nəticə gözlənilməsinə ümidvar olduğunu bildirib, yəni qəti bir şey yoxdur.
Regiona səfər edən yüksək səviyyəli İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı hərbi və siyasi rəsmilərin gəlişi də onu göstərir ki, regionda ciddi hadisələrə hazırlıq gedir və İran bundan narahatdır".
Cavid