Ermənilər həmsədrləri atəşə tutdu Siyasət

Ermənilər həmsədrləri atəşə tutdu

Ceyms Uorlik: "Atəşkəsin pozulması bizi daldalanmağa məcbur etdi"


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Ə vvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər. Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
Hadisədən sonra ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik "twitter" səhifəsində
ATƏT-in təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulmasının yolverilməz olduğunu yazıb: "Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir", - deyə həmsədr bildirib.