“Arif Hacılının yanında olmayan və onun əleyhinə çıxan hər bir şəxs qovula bilər” Siyasət

“Arif Hacılının yanında olmayan və onun əleyhinə çıxan hər bir şəxs qovula bilər”

Tural Abbaslı: "Partiyanın əksər üzvlərinə qarşı belə davrana bilərlər"

Müsavat Partiyasında İltizam Əkbərli və Tural Abbaslının parlament seçkilərində iştirakını dayandırmaması məsələsi müzakirə oluna və onlar barəsində hər hansı tədbir görülə bilər. Bu haqda açıqlama verən Partiyanın Divan üzvü Nemət Kərimli deyib ki, onlarla bağlı Nizamnaməyə uyğun qərar qəbul olunacaq: "Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm".
Tural Abbaslı bildirib ki, bu, düzgün məsələ deyil: "Dedikləri partiyanın boykot qərarından sonra namizədliyini geri götürməyən şəxslərə aiddir. Mən namizədliyimi Müsavat Partiyasından verməmişəm, şəxsi təşəbbüsümlə irəli sürmüşəm. Ona görə də düşünürəm ki, bu məsələnin mənə heç bir aidiyyəti yoxdur. Amma bir məsələ də var ki, tək mənim yox, müxtəlif bəhanələrlə Arif Hacılı əleyhdarlarının hər birinin məsələsinə baxıla, partiyadan qovula bilərlər. Buna Arif Hacılının rəqiblərinin təmizlənməsi prosesi kimi baxıram. Bu prizmadan yanaşanda, təbii ki, mən də qovula bilərəm. Bu, həmin rəhbərlikdir ki, Vurğun Əyyubu - 4 nəfər özək üzvdən biri olan şəxsi sifarişlə partiyadan qovdurub. Fikir verin, qurultayda Arif Hacılıya rəqib olmuş üç namizəddən ikisi artıq qovulub. Belə düşüncə sahibindən hər şey gözləmək olar. Amma qeyd etdiyim kimi, Nizamnaməyə uyğun qərar verilsə, mənə qarşı heç bir addım ata bilməzlər. Buna hüquq və ixtiyarları çatmır".
O, əlavə edib ki, partiyadan qovulmağı haqda qərar verilməsini gözləyir: "Bunu tək mən yox, qurultayda Arif Hacılının yanında olmayan və onun əleyhinə çıxan hər bir şəxs gözləyir. Partiyanın əksər üzvlərinə qarşı belə davrana bilərlər. "Vurğun Əyyub üzvlük haqqını vermədi", "Qubad İbadoğlu partiyanın nüfuzuna xələl gətirdi" kimi gülünc bəhanələr səsləndirib sadəcə, rəqiblərini təmizləyirlər. Belə hallar partiya ənənələrinə ziddir. Müsavat bu cür partiya deyildi. Belə davranışlar ölkədə demokratiya yaratmaq istədiyini iddia edən partiyaya yaraşmır. Zamanı gəlincə, həmin şəxslər tarix və sıravi müsavatçılar qarşısında cavab verəcəklər. Çünki Müsavatı nüfuzdan salmaq, yüz ilik partiyanı belə acınacaqlı duruma düşürmək, gündəmdə ancaq qalmaqal, daxili çəkişmələr və intriqalarla qalmaq olmaz. Bu gün partiya seçkilər, seçkilərdəki iştirakın qənaətbəxşliyi və s. vacib mövzular haqda danışıb çıxış yolu axtarmaqdansa, durub kimisə partiyadan qovmaq barədə müzakirələr aparır, bəsit məsələlərlə məşğul olurlar. Buna ancaq təəssüf edirəm".
Qovulacağı təqdirdə, başqa bir partiyaya qoşulub qoşulmayacağına gəlincə isə, o deyib ki, 18 yaşından bu partiyanın üzvüdür: "Həmin tarixdən artıq 16 il keçib. Ümumiyyətlə, biz ailəlikcə müsavatçıyıq. Sanki bu ənənə bizdə nəsil olaraq mövcuddur. Əgər partiyadan qovulsam, bu, mənim müsavatçı adıma xələl gətirməyəcək. Divanın məni qova biləcəyini düşünmürəm. Əgər bu baş verərsə, sona qədər haqqımı tələb edəcəyəm. Başqa partiyaya qoşulmaq niyyətim yoxdur. Gənclərdən ibarət yeni siyasi qüvvənin ortaya çıxmasının tam zamanı olduğunu düşünürəm və yəqin ki bu istiqamətdə hansısa addımlar atılacaq. Artıq öz nüfuz və etimadını itirmiş hansısa partiyaya üzv olmaqdansa, bu yöndə işlər görmək yaxşıdır".