Əliyevin ən böyük qələbəsi xalqın böyük bir orduya çevrilməsidir - Sədr müavini Siyasət

Əliyevin ən böyük qələbəsi xalqın böyük bir orduya çevrilməsidir - Sədr müavini

"Bu qələbə ilə Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı”.

Qaynarinfo xəbər verir ki, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbədən danışarkən deyib.

O bildirib ki, Azərbaycan torpaqları 30 il idi ki işğal altında qalmışdı, amma bütünlükdə tək 30 il deyil, 200 il Azərbaycan torpaqları və xalqı işğala məruz qalmışdı:

"İstər Çar Rusiyası ilə İran arasında bağlanan müqavilələr əsasında, sonra isə Sovet imperiyası dövründə Azərbaycan ikiyə bölünmüşdü. Son 200 il ərzində Azərbaycan torpaqları bu dövlətlər arasında parçalanmış, bölünüş, yağmalanmışdı. Bildiyimiz kimi, hətta Sovet dövründə də Kommunist Partiyasının qərarı ilə Azərbaycanın bir sıra bölgələri - Zəngəzur, Dərbənd, Borçalı və digər ərazilərimiz ermənilərə verilmiş, Rusiya torpaqlarına qatılmışdı. Məhz 200 ildən sonra işğalda qalmış 20 faiz torpaqlarımızın, demək olar ki, çoxu geri qaytarıldı”.

Niyaməddin Orduxanlı qeyd edib ki, bu, məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə həyata keçirildi:

"Bu, böyük tarixi hadisə idi. Bunu heç kim inkar edə bilməz. Vətən müharibəsində qələbənin əldə olunmasında Ali Baş Komandan Prezident İlham Əliyevin müstəsna, tarixi rolu var”.

Ona görə, prezidentin ən böyük uğuru bu dövrdə qonşu dövlətlərlə həm də siyasi, sosial, iqtisadi əlaqələrin pozulmaması idi:

"44 günlük müharibə dövründə Rusiyanın, onun prezidenti Vladimir Putinin neytrallığını təmin etmək İlham Əliyevin böyük diplomatik qələbəsi idi”.
O, qeyd edib ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızı məhz Rusiya əsgəri öz tankı, topu, texnikası ilə ermənilərlə birləşərək işğal etmişdi:
"Ancaq bu dövrdə Prezidentimizin uğurlu siyasəti nəticəsində Rusiya neytral qaldı".

Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycanın Ali Baş Komandanının həyata keçirdiyi konsepsiya reallığı əks etdirərək, beynəlxalq hüquqa söykənir:
"Azərbaycanın Rusiya kimi bir dövlətlə artıq müttəfiqə çevrilməsinin təmin olunması, digər tərəfdən Qərblə, Avropa ilə əlaqə qurub, beynəlxalq təşkilatlar vasitəsi ilə Azərbaycanın haqlı mövqeyi ilə onları seçim qarşısında qoymaq, məhz Azərbaycanın haqq səsini qəbul etdirmək güclü bir iradəyə, güclü siyasətə və ağıla, təfəkkürə söykənir. Bütün bunları da İlham Əliyev öz mətin, məntiqli, iradəli siyasəti ilə həyata keçirdir”.

O bildirib ki, İlham Əliyev bu gün də Azərbaycanın suverenliyinin təmin olunmasında, həm də Ermənistan tərəfinin nəzarəti altında olan, eyni zamanda Rusiya sülməramlılarının da yerləşdiyi ərazilərimizin də geri qaytarılması istiqamətində çox güclü iradə nümayiş etdirir:

"İnanıram ki, yaxın gələcəkdə İlham Əliyev Azərbaycanın tam suverenliyini, ərazi bütövlüyünü təmin edəcək”.

Sədr müavini deyib ki, İlham Əliyevin xalqımız tərəfindən çox yüksək qiymətləndirilən bir xüsusiyyətini də ayrıca qeyd etmək lazımdır:

"Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında həmin anda bir böyük orduya çevrilməyi bacardı. Xalqın İlahm Əliyevin ətrafında birləşib bir orduya çevrilməsi çox böyük hadisədir. Bu da İlham Əliyevin uğurundan, çox böyük siyasətindən irəli gəlir”.