BAXCP-dən YAP-a yubiley təbriki Siyasət

BAXCP-dən YAP-a yubiley təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevə partiyanın 30 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu Əliyev!

Sizi və lideri olduğunuz Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərini partiyanızın 30 illik yubileyi münasibətilə təbrik edirəm!

YAP mərhum prezident Heydər Əliyevin liderliyi ilə yaradıldıqdan qısa bir müddət sonra, Azərbaycan dövlətçiliyinin dərin böhran içərisində olduğu mürəkkəb tarixi dönəmdə hakimiyyətə gəlsə də, ölkəmizdə sabitliyi təmin etməyə, onu dinc inkişaf yoluna çıxarmağa, insanlarımızın həyatını dəyişəcək, torpaqlarımızın işğaldan azad olunmasına böyük töhfə verəcək “Əsrin Müqaviləsi”ni imzalamağa nail olmuşdur.

Sizin rəhbərliyiniz altında YAP iqtidar partiyası kimi beynəlxalq aləmdə Azərbaycana güclü müttəfiqlər və tərəfdaşlar qazandırmış, işğalçı Ermənistanı öz müttəfiqlərinin dəstəyindən mərhum etməyə, qəsb edilmiş torpaqlarımızın 75%-nin işğalına son qoymağa nail olmuş, böyük tarixi uğura imza atmışdır. Ümid edirəm, tezliklə işğal altında qalan digər torpaqlarımız üzərində də suverenliyimizi və dövlət sərhədlərimizə tam nəzarəti bərpa edəcəyik.

Hörmətli İlham müəllim!

Yeni Azərbaycan Partiyasına ölkəmizdə güclü çoxpartiyalı sistemin olduğu mülki cəmiyyət və bazar iqtisadiyyatına əsaslanan hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyətində uğurlar arzu edirəm”.