Putin postsovet məkanında "qaynar nöqtə"lər yaratmaqda "usta"dır Siyasət

Putin postsovet məkanında "qaynar nöqtə"lər yaratmaqda "usta"dır

Rusiya və onun lideri postsovet məkanında və dünyanın müxtəlif həssas məntəqələrində "qaynar nöqtə"lər yaratmaqda necə deyərlər, "usta"dır. Adam hibrid müharibə, proksi-savaş üsullarından istifadə etməklə münaqişə ocaqlarını nəzarətdə saxlamağa və bu yolla da həmin regionlarda Rusiyanın geosiyasi maraqlarını təmin etməyə çalışır.

Bunu" Xalq Cəbhəsi"nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri qeyd edib ki, Kreml rəhbəri eyni üsullarla Azərbaycanın Qarabağ iqtisadi zonasını da Rusiyanın fəal maraq dairələrindən birinə çevirməyi planlaşdırır. Ona görə də Qarabağdakı erməni separatçıları, terrorçuları Kreml tərəfindən çox fəal şəkildə dəstəklənir, himayə edilir. Ruben Vardanyanın və Vardan Oskanyanın Qarabağa göndərilməsi də Moskvanın bizə qarşı başlatdığı hibrid müharibənin tərkib hissəsidir. Moskva bu "nökər"lərinin vasitəsilə regionda süni gərginlik yaratmağa can atır:

"Üstəgəl, Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizindən üçtərəfli razılaşmalara zidd formada istifadə edilir. Ermənistandan minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılır. Belə ki, son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.

Bu da azmış kimi sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə Rusiyadan və Ermənistandan hərbi texnikalar daşınır, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılır. Bir sözlə, Rusiya Ermənistanın və Qarabağdakı separatçıların bütün bu kimi qeyri-qanuni əməllərinə qəsdən rəvac verir".

Separatçılar da onlara yaradılmış bu cür əlverişli şəraitdən sui-istifadə edib ciddi-cəhdlə silahlanmağa can atır, revanşa hazırlaşırlar. Beləliklə, Rusiyanın olduqca təhlükəli oyun oynadığı bir daha üzə çıxır. Görünən budur ki, Rusiya bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini əngəlləmək, digər tərəfdən isə regiondakı mövcudluğunu davam etdirmək və sülhməramlıların mandatının müddətinin uzadılmasına nail olmaq üçün yenə də separatçılardan alət kimi istifadə etməyə üstünlük verir:

"Ancaq Azərbaycan da bütün bu prosesləri diqqətlə izləyir. Rusiyanın oyunlarını, məkrli planlarını pozmaq üçün bizim kifayət qədər potensialımız və imkanlarımız var. Biz bölgədə yeni hərbi eskalasiyanın yox, sülhün tərəfdarıyıq. Ona görə də kənar güclərin təhlükəli planlarının gerçəkləşməsinə imkan verməyəcəyik. Yeri gələrsə, Laçın dəhlizini bağlamaqdan tutmuş sülhməramlıların nəzarət zonasında antiterror əməliyyatının keçirilməsinə qədər istənilən məsələyə dair çevik qərarlar qəbul etmək ixtiyarı bizim öz əlimizdədi".
Cavid