“Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifəlr” Siyasət

“Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifəlr”

Kiyevdə bu mövzuda "dəyirmi masa" keçirilib


"Dailykarabakh" saytının təşkilatçılığı ilə Kiyevdə "Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifəlr" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyin nümayəndəsi, Ukraynada fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri, gənclər, alimlər və media nümayəndələri iştirak ediblər. "Dailykarabakh" saytının rəhbəri Emil Hüseynli bildirib ki, tədbirin keçiriliməsində məqsəd Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifələri müzakirə etməkdir: "Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağ probleminin həllində hücum siyasətinə keçməliyik. Hesab edirəm ki, bu işdə soydaşlarımızın üzərinə daha çox məsuliyyət düşür. Bildiyiniz kimi, Ermənistan dövləti çox hallarda ölkələrinə dəvət etdiyi şəxsləri aldadaraq Dağlıq Qarabağa aparırlar və bundan şou düzəldirlər. Ona görə də bu istiqamətdə xarici vətəndaşların daha çox maarifləndirilməsinə ehtiyac var".
E.Hüseynli təklif edib ki, Dağlıq Qarabag həqiqətlərinin təbliği üçün Ukraynada diaspora təşkilatlarının, soydaşlarımızın təmsil olunduğu Koordinasiya Şurası yaradılmalıdır. Koordinasiya Şurası Dağlıq Qarabağ problemi ilə bağlı sistemli işin görülməsinə öz töhfəsini verər.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı Səfirliyinin I katibi Mübariz Cəfərov bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu kimi tədbirlər Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev çıxışlarında vurğulayıblar ki, Dağlıq Qarabağ problemi hər bir soydaşımızın prioritet fəaliyyəti olmalıdır. Onlar qeyd ediblər ki, Ukraynada yaşayan azərbaycanlılar Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması üçün silsiləvi tədbirlər keçirirlər. ATƏT, BMT-nin nümayəndəliyi qarşsında etiraz aksiyaları keçiriblər. Diaspor rəhbərləri çıxışlarında, həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı Koordinasiya Şurasının yaradılmasına dair səslənən təklifi müsbət qarşıladıqlarını bildiriblər.
Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Qədiroğlu çıxışında qeyd edib ki, güclü erməni lobbisinə qarşı soydaşlarımızın koordinasiyalı şəkildə fəaliyyət göstərməsi Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rolunu oynayacaq: "Hesab edirəm ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspora və qeyri-hökumət təşkilatları bu cür tədbirlərin keçirilməsi üçün öz dəstəyini verməlidir. Bu iş koordinasiyalı şəkildə həyata keçirilməlidir".