Avropalı deputatların Sirmakes-Karampetyan cütlüyü ilə qurduğu korrupsiya şəbəkəsi Siyasət

Avropalı deputatların Sirmakes-Karampetyan cütlüyü ilə qurduğu korrupsiya şəbəkəsi

Avropa Parlamentindəki korrupsiya qalmaqalının miqyası hər gün bir az daha böyüyür. Bir həftə ərzində müxtəlif ünvanlarda keçirilən axtarışlar zamanı 1,5 milyon avrodan çox nağd pul aşkarlanıb. Əməliyyatlar nəticəsində Avropa Parlamentinin sədr müavini Eva Kayli ilə yanaşı, bir neçə şəxs də saxlanılıb.

Qitənin rəsmi şəxsləri də korrupsiya faktının miqyasının sürətlə böyüməsindən dəhşətə gəliblər.

Avropa rəsmiləri baş verənlərlə bağlı nə düşünürlər?

Polşanın baş naziri Mateuş Moravetski: "Mən Avropa Parlamentində korrupsiyanın miqyasından dəhşətə gəlmişəm. İşin detalları ilə tanış olanda şoka düşdüm".

İrlandiyanın Avropa İşləri naziri Tomas Byrne: "Düşünürəm ki, korrupsiyanın miqyası çox sarsıdıcıdır və açıq desəm, bunun indiki dövrdə baş verməsi təəccüblüdür".

"Transparency İnternational"ın əməkdaşı Michiel van Hulten: "Parlamentdə korrupsiyanın olması məni təəccübləndirmir, amma onun miqyası məni şoka salır".

Avropalı rəsmiləri də təəccübləndirən faktlar qitənin nüfuzlu institutlarında rüşvətxorluğun və korrupsiyanın sistemli xarakter daşıdığını sübut edir. Yəni Eva Kaylinin həbs olunması ilə korrupsiya şəbəkəsinin ifşa olunduğunu demək çətindir.

Artıq Kaylinin Avropadakı korrupsiya şəbəkəsinin rəhbərlərindən biri olduğu aydındır.

Bəs, bu şəbəkənin digər üzvləri kimlərdir? Axı Eva Kayli şəbəkə rəhbəri kimi rüşvətin hamısını təkbaşına mənimsəyə bilməz.

Bəs, bu şəbəkə yalnız Qətərlə bağlı lobbiçilik fəaliyyəti göstərib? Təbii ki, xeyr. Nə Eva Kayli rüşvəti tək yeyib, nə də Avropa rəsmilərindən ibarət şəbəkənin lobbiçilik fəaliyyəti yalnız Qətərlə kifayətlənir.

Aşağıda sadalanan faktlardan görəcəksiniz ki, avropalı deputatların qaranlıq fəaliyyəti hazırda da davam edir.

Onların qaranlıq fəaliyyətini aşkarlamaq üçün dərin araşdırmalara ehtiyac yoxdur. Avropa Parlamentində fəaliyyət göstərən anti-Azərbaycan qruplara nəzər salsaq, görərik ki, deputatlar öz vəzifələrini unudub, Ermənistanın lobbiçiliyi ilə məşğuldurlar. Anti-Azərbaycan şəbəkəsinin üzvləri əsasən Avropa Parlamentində (AP) fəaliyyət göstərən "Ermənistanla dostluq qrupu"nda toplaşıblar. Qruplaşmaya 33 nəfər daxildir.

Onlardan bəzilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə nəzər salaq:

- AP-də "Ermənistanla dostluq qrupu"nun üzvlərindən olan EL Van Hoof II Qarabağ müharibəsinin nəticələrini şərh edərkən deyib: "Dağlıq Qarabağ geosiyasi oyunların qurbanına çevrilib. Altıhəftəlik müharibədən sonra Vladimir Putin Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunmasını razılaşdırıb. Bu, onminlərlə erməninin evlərini tərk etməsi ilə nəticələnib. Bu nəticəni əldə etmək üçün Azərbaycan müharibə dövründə qadağan edilmiş kaset bombalarından, Türkiyənin innovativ dronlarından və ehtimal ki, cihadçılardan istifadə edib. Belə davranış qeyri-qanuni silahlardan istifadəni qadağan edən beynəlxalq konvensiyaları pozur";

- AP-dəki "Ermənistanla dostluq qrupunun" digər üzvü Kostas Mavrides isə Azərbaycanı "Ermənistana qarşı hərbi təcavüzü dayandırmağa çağıran" bəyanat yayıb. Yunan Kiprindən AP üzvü olan bu şəxs öz bəyanatında həmçinin, "Aİ-yə namizəd ölkə olan Türkiyəni Azərbaycan ordusuna dəstək verdiyi üçün" qınayıb;

- AP-dəki "Ermənistanla dostluq qrupunun" üzvlərindən olan Lukas Furlas isə Eva Kaylini Azərbaycan və Türkiyə əleyhinə olan çıxışlarını dəstəkləməsi ilə yadda qalıb. Lukas Forlas belə çıxışlarına görə "Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası" tərəfindən təşəkkür alıb. O, Avropa Parlamentində "Ermənistanla dostluq qrupu"nun prezidenti kimi çıxışlar edib, Azərbaycanı Ermənistana hücum etməkdə günahlandırıb. Həmçinin, son çıxışlarında Laçın yolundakı aksiyaya toxunub. Azərbaycan tərəfini humanitar böhran yaratmaqda ittiham edib;

- Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri, "Ermənistanla dostluq qrupunun" üzvü Marina Kaljurand Laçın yolunun bağlanmasından "ciddi narahatlıq keçirdiyini" açıqlayıb, buna görə Azərbaycanı ittiham edib (https://qafqazinfo.az/news/detail/ermeni-pullarinin-izi-ile-avropa-parlamentine-korrupsiya-qalmaqali-davam-edir-385824);

Bundan başqa, "Ermənistanla dostluq qrupunun" üzvləri müxtəlif vaxtlarda İrəvana səfər ediblər. Həmçinin 2018-ci il martin 1-də "Qarabağ hərəkatının 30-cu ildönümü" münasibətilə Avropa Parlamentində (AP) konfrans təşkil edilib. Parlamentin üzvləri Avropa İttifaqının "Dağlıq Qarabağla əlaqəsini" müzakirə ediblər. Aİ-nin bu sahədə təsirini gücləndirmək üçün mümkün təkliflər səsləndiriblər. İşğal edilmiş Azərbaycan torpaqlarında qurulmuş separatçı rejimin 30 illiyinin "bayram edilməsi" ilə bağlı informasiyalar Avropa Parlamentinin saytında mövcuddur.

Göründüyü kimi, Avropa Parlamentindəki adıçəkilən şəxslər bütün dövrlərdə hər vəclə Ermənistanı açıq şəkildə müdafiə etməkdən çəkinməyiblər.

Təbii ki, Avropa Parlamentinin üzvləri Ermənistana bu "xidmətləri" qarşılıqsız göstərməyiblər. Onların Ermənistanın xeyirinə fəaliyyət göstərməsinin kökündə korrupsiya faktı dayanır. Bunu Avropa Parlamentinin üzvlərinin erməni biznesmenlərlə, diaspor nümayəndləri ilə yaxın əlaqələri də sübut edir.

Bəs, Avropa Parlamentinin ermənipərəst deputatlarının sponsorları kimlərdir?

Avropadakı anti-Azərbaycan şəbəkənin rəhbərindən biri Kaspar Karampetyandır.

O, Afrikanın münaqişəli bölgələrindən Avropaya qaçaqmalçılıq yolu ilə çoxrəngli brilyant və almaz daşımaqla məşğuldur. Belçikadakı erməni mafiyasının rəhbəri olan Karampetyan cinayət yolu ilə əldə etdiyi pulun bir hissəsini anti-Azərbaycan şəbəkənin fəaliyyətinə xərcləyir.

"Ermənistanla dostluq qrupu"nun üzvlərini maliyyələşdirən şəxslərdən biri də Vartan Sirmakesdir.

İsveçrədə saat şirkəti olan "Franck Muller Group"un baş direktoru olan Sirmakes, həmçinin "Armswissbank"ın, separatçılara məxsus "Artsakhbank"ın əsas səhmdarıdır.

Onun işğal dövründə Qarabağın sərvətlərini taladığı, Kəlbəcərdən qızıl daşıdığı tutarlı barədə faktlar var. Sirmakes Qarabağdakı "Qızılbulaq" yataqlarında paya sahibdir. O, yatağın açılış mərasimində də iştirak edib. Sirmakes həmçinin Ermənistan və Qarabağla bağlı bir çox "layihənin" əsas sponsorlarındandır.

Son baş verənlər fonunda Sirmakes-Karampetyan cütlüyünün avropalı qulları yenidən aktivləşiblər:

- Avropa Parlamentinin fransalı deputatı Natali Luazonun təşkilatçılığı ilə qurumun 30-a yaxın deputatı "Dağlıq Qarabağdakı vəziyyət"lə bağlı müzakirələr keçirmək təşəbüsünü irəli sürüb. Həmin deputatlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ diplomatiyasının rəhbəri Cozep Borrelə müraciət ünvanlayıblar;

- Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri, "Ermənistanla dostluq qrupunun" üzvü Marina Kaljurand Laçın yolunun bağlanmasına görə Azərbaycanı ittiham edib;

- Almaniyada Ermənilərin Mərkəzi Şurası Laçın yolunda Azərbaycandan olan ekofəalların keçirdiyi aksiyanı tənqid edib;

- Laçın yolunda baş verənlər fonunda "Belçika - Erməni İşini Müdafiə Komitəsi" də aktivləşib.

Bütün sadalanan faktlar göstərir ki, Qarabağdakı qızıl yataqları ətrafında baş verənlərin, Laçın yolunun bağlanmasının və Qərb təsissatlarının Azərbaycana "hücumunun" arxasında Sirmakes-Karampetyan cütlüyü, onların maliyyələşdirdiyi erməni lobbisi dayanır.

Görünür, Sirmakes-Karampetyan cütlüyü artıq avropalı deputatlara "paketlərini" çatdırıb ki, onlar belə aktivləşiblər.

Bu faktlar erməni lobbisinin və erməni biznesmenlərin avropalı deputatlara korrupsiya əlaqəsinin sübutudur. Hadisələrin gedişi göstərir ki, avropalı rəsmilər bundan sonra daha çox təəccüblənəcəklər və şoka düşəcəklər. Çünki erməni lobbisi ilə Avropa deputatlarının korrupsiya əlaqələri hələ ki, rəsmi şəkildə ifşa olunmayıb. Bəlkə Kaylinin korrupsiya şəbəkəsində də erməni izləri aşkarlanacaq.

Ümid edək ki, Avropanı idarə edənlər dünyaya təbliğ etdiyi ədaləti öz təsisatlarının şəffaflaşdırılması üçün də istifadə edəcək. Əks halda, erməni lobbisi ilə əlaqəli olan deputatlar qoca qitənin nüfuzlu təşkilatlarının imicini sıfıra endirməkdə davam edəcəklər.