“İlk növbədə ərazi bütövlüyünün tanınması əsas şərt kimi qəbul edilməlidir” Siyasət

“İlk növbədə ərazi bütövlüyünün tanınması əsas şərt kimi qəbul edilməlidir”

Arzu Nağıyev: "Prinsipial dəyişiliklər etməlidirlər"

"Azərbaycan üçün bu toplantının əhəmiyyəti ondan ibarət ola bilər ki, biz yenə də öz mövqeyimizi nümayiş etdirə bilərik və etdiririk". Bunu siyasi ekspert Arzu Nağıyev ATƏT-ə üzv ölklərin Xarici İşlər nazirlərinin Belqrad toplantısının Azərbaycan üçün əhəmiyyəti barədə açıqlamasında deyib. Arzu Nağıyev bildirib ki, ATƏT-in Belqradda keçirilən Xarici İşlər nazirlərinin növbəti yığıncağında Azərbaycan xarici işlər naziri cənab Elmar Məmmədyarov da öz çıxışında qeyd etdiyi kimi əsas məsələ Dağlıq Qarabağ ərazisindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasıdır: "Yəni bir daha Madrid prinsiplərinə qayıdaraq ilk növbədə ərazi bütövlüyünün tanınması əsas şərt kimi qəbul edilməlidir. Bu gün Ermənistan rəhbərliyi öz çıxışlarında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışırsa, bununla bağlı məsuliyyətsiz bəyanatlar verirsə, beynəlxalq hüquq normalarını pozursa və ATƏT-in Minsk qrupu da buna biganəlik edirsə deməli müsbətə doğru heç bir nəticə gözləməyə dəyməz. Azərbaycan üçün bu toplantını əhəmiyyəti ondan ibarət ola bilər ki,biz yenə də öz mövqeyimizi nümayiş etdirə bilərik və etdiririk. ATƏT –dən isə münaqişənin həlli istiqamətində deklarativ çıxışlar əvəzinə real addımlar atmağı gözlədiyimizi bildiririk. Yəni ATƏT-in Minsk qrupu və onları təmsil edən dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli isitiqamətində Azərbaycanın mövqeyi ilə bağlı işlərində müvafiq addımlar atmalı və prinsipial dəyişiliklər etməlidirlər".