“Türkiyə nüvə dövlətinə çevrilməlidir” Siyasət

“Türkiyə nüvə dövlətinə çevrilməlidir”

Qüdrət Həsənquliyev: "Gələcəkdə Türkiyə təhdid olunarsa ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz"

"Türkiyənin Azərbaycan siyasətini bəyənməsəm də baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini yüksək qiymətləndirirəm". Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri Azərbaycanın Türkiyədən umacağının çox olduğunu bildirib: "Çünki onlar bizim qan qardaşlarımızdır. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycan torpaqlarının içğal altında qalmasına öz torpaqlarının işğal altında qalması faktı kimi yanaşmalıdır. Güclü Azərbaycan həm də güclü Türkiyə deməkdir".
Qüdrət Həsənquliyev açıqlamasında Türkiyənin Rusiyadan qorxusunu başa düşdüyünü də qeyd edib: "Əgər ABŞ-ın qarant durduğu Ukrayna torpaqlarını Rusiya işğal edirsə və super dövlət ləyaqətinin bu şəkildə alçaldılması ilə barışırsa, bu halda Türkiyə də Qarabağın işğalı ilə barışmaq zorundadır. Bütün bunlara anlayışla yanaşsam da, heç bir halda Ərdoğanın Ermənistanla ticarət əlaqələrini genişləndirməsini qəbul edə bilmərəm".
BAXCP sədri baş nazir Ərdoğanın səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın genişləndiriliməsi barədə müzakirələrin aparılmasını arzuladığını da vurğulayıb. Qüdrət Həsənquliyev eyni zamanda qeyd edib ki, Türkiyə nüvə dövlətinə çevrilməlidir və Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir: "NATO artıq qeyri ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir. Gələcəkdə Türkiyə təhdid olunarsa ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz".
BAXCP sədri hesab edir ki, Azərbaycan və Türkiyənin dövlət və hökumət başçıları arasında keçirilən görüşlər intensivləşməlidir: "Azərbaycanla Türkiyənin dövlət və hökumət başçıları il ərzində ən azı 2 dəfə görüşməlidirlər".