Prezidentlər Minskdə görüşə bilər Siyasət

Prezidentlər Minskdə görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.
Bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.
Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri "qaynar" yox, "soyuq" formada həll etmək üçün danışıqlar lazımdır: "Məhz ATƏT-in Minsk qrupunun hədəfi də budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. "Qaynar" mərhələyə keçilmədən danışıqlar".
ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Trend-ə açıqlamasında bildirib ki, həmsədrlər cari ildə də prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar: "Tərəflər baş tutmuş görüşdə təmas xəttində atəşkəs rejiminin pozulması daxil olmaqla bir sıra məsələləri, eləcə də münaqişənin nizamlanması ilə bağlı təklifi müzakirə ediblər. Həmsədrlər iki ölkənin xarici işlər nazirləri ilə münaqişənin nizamlanmasına dair sazişin əldə edilməsi, zorakılığın yaranması risklərinin azaldılması tədbirləri və Dağlıq Qarabağın icmaları arasında dialoqun gələcək inkişaf proqramı üzrə işi davam etdirəcəklər".
Diplomat qeyd edib ki, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar Minsk qrupu həmsədrlərinin münaqişənin davamlı həlli yollarının axtarışı üzrə səylərini dəstəkləyir: "Biz tərəflərə qarşıdakı sammitə konstruktiv yanaşmağı və münaqişənin tənzimlənməsində tərəqqinin əldə olunması imkanından istifadə etməyi təklif edirik".
Politoloq Arzu Nağıyev hesab edir ki, Belarusun Ermənistandakı səfiri tərəflərlə və ATƏT-in Minsk qrupu ilə razılaşdırmadan belə bir bəyanat verə bilməz.
"Məhz buna görə də rəsmi açıqlamanı gözləmək lazımdır. Qaynar və ya soyuq dedikdə isə onlar atəşkəsin pozulmasını nəzərdə tuturlar. Digər tərəfdən görüşün olması da istisna deyil. Çünki hər gün atəşkəs pozulur, erməni tərəfi isə məsuliyyətsiz bəyanatlar verir. Bu baxımdan danışıqlara getməyə dəyər.
Lakin yenə konkret nəticələr deyil, sadəcə deklorativ bəyanatlarla ATƏT tərəfindən çıxışlar edilərsə, bu görüşlərin də mənası olmayacaq. Məlumdur ki, Azərbaycan tərəfi ilk şərt kimi ərazi bütövlüyünü irəli sürür və münaqişənin həllini Madrid prinsipləri çərçivəsində həll etməyə razıdır. Azərbaycan heç bir dövlətin ərazisini zəbt etməyib, əksinə təcavüzə və təxribata məruz qalıb", - deyə Arzu Nağıyev bildirib.
Hazırda geosiyasi vəziyyətin həddən artıq gərgin olduğunu qeyd edən politoloq hesab edir ki, problemin sülh yolu ilə həlli müsbət hal olsa da, güc nümayiş etdirməklə də erməniləri sülh masasına oturtmaq mümkündür.