“İslahatlar daha sürətli və çevik davam etdirilməlidir” Siyasət

“İslahatlar daha sürətli və çevik davam etdirilməlidir”

Zahid Orc: "Ən mühüm məsələ bir çox mühüm proqramların işə salınmasıdır"

"Hesab edirəm ki, yaxın 20 gün ərzində Azərbaycan iqtisadiyyatında yaranan mənfi tendensiyaları aradan qaldırmaq mümkün olacaq. Çünki prezident İlham Əliyevin bu istiqamətdə əzmi və iradəsi var".
Azadinform xəbər verir ki, bu sözləri Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc prezidentin yanvarın 9-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, prezidentin bu çıxışından sonra ölkədə yaranmış vəziyyət sabitləşəcək: "Prezident müşavirə ilə bizim gələcək iqtisadi və siyasi xəttimizə daha dəqiq yanaşmalarını təqdim etdi. Əslində ölkə başçısının bu müşavirəni keçirməsi ilə avtomatik müxtəlif xarakterli panikalar, ajiotaj yaradılması, həmçinin qeyri müəyyənliyin aradan qaldırılması yönündə artıq bu gündən dəyişikliklər və canlanmalar var. Hazırda bank sektorunda məlum problemlər yaşanmaqdadır. Vətəndaşların, xüsusilə kredit öhdəliyi olan insanların bu qurumlarla münasibətlərinin necə həll edilməsi məsələlərinə hələ də son verilməyib. Digər tərəfdən isə iqtisadiyyatda mənfi tendensiyalar, xüsusilə də daxildəki inhisarçılıq, o cümlədən, idxal və ixrac üzərindəki şəffaflığın bərqərar olması məsələlərinə də ölkə başçısı açıqlamalarını verdi. Bu yöndə artıq dəyişikliklər özünü göstərməkdədir. Manata qarşı birləşənlərin mühüm qiymət siyasəti özünü təzahür etdi. Belə ki, inhisarçılıq qiyməti təbii rəqabətdən deyil, daha çox suni vasitələrlə formalaşdırmağa bir yol açıb".
Zahid Oruc qeyd edib ki, dünənki müşavirədən sonra hökumət bir neçə istiqamətdə tənzimləyəcəyi məsələləri müəyyənləşdirmiş oldu: "İslahatlar daha sürətli və çevik davam etdirilməlidir. Həmçinin manatın kursunun sabitləşməsi ölkədə iqtisadi həyatı normal vəziyyətə qaytarar, bütün fəallığı dayanmış ticarət sistemini qaydasına qoyar, müqavilələr təzədən işləyər, ölkənin idxal və ixracı sabitləşərdi.
Ən mühüm məsələ bir çox mühüm proqramların işə salınmasıdır. İnzibati qərarlar əsasında ölkə başçısının qeyd etdiyi kimi prokurorluğun və İqtisadi İnkişaf Nazirliyinin addımları ilə müşahidə olunan digər tədbirlər də görülməlidir. Ümumiyyətlə, prosesi həddindən artıq mürəkkəbləşdirdikcə, onun içərisində iştirak edən digər qüvvələrin maraqları da bu işə qarışdıqca arzu olunmaz hallar meydana çıxır. Ona görə də devalvasiya hökumətin fəaliyyətində, o cümlədən çevik qərarların qəbul olunmasında əsas tələblərini meydana çıxarır. Ölkə rəhbəri də dünənki müşavirədə bunu bəyan etdi. O, kifayət qədər soyuqanlılığı, məsələlərə yanaşma tərzi ilə onu göstərmək istədi ki, Azərbaycan 10 il ərzində əldə etdiyi inkişaf proseslərini son ildə dünyadan gələn məlum böhrana görə əldən verməyəcək. Proses sabitləşəcək. Hesab edirəm ki, yaxın 20 gün ərzində Azərbaycan iqtisadiyyatında mənfi tendensiyaları aradan qaldırmaq mümkün olacaq".