“Hər iki dövlət hadisələrə məzhəb üzərindən təsir etməyə çalışır“ Siyasət

“Hər iki dövlət hadisələrə məzhəb üzərindən təsir etməyə çalışır“

"İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin kəskin şəkildə pisləşməsində məzhəb davasının əsas rol oynadığına dair səsləndirilən fikirlərin səbəbi həm İranın, həm də Səudiyyə Ərəbistanın teokratik rejimə sahib olmalarıdır". Bu fikirləri açıqlamasında politoloq Toğrul İsmayıl deyib.
Politoloq bildirib ki, hər iki dövlətdə teokratik rejim olduğu üçün məzhəblər üzərindən siyasətlərini yürütməyə çalışılır: "Ona görə də hər iki dövlətin apardığı siyasət regionda bir sıra problemlər yaradır. Hər iki ölkə regionda öz gücünü artırmaq mübarizəsi ilə çaba göstərir ki, bu da məzhəblərarası mübarizə kimi görünür. Məlumdur ki, İran 90-cı illərdə şiə ideologiyasını yaymaq cəhdindən qurtulmağa çalışsa da, bu mümkün olmadı. Görünən odur ki, bu gün də bu ideologiyadan əl çəkməyib, əksinə bunu daha da irəliyə aparıb. Hər iki dövlət hadisələrə məzhəb üzərindən təsir etməyə çalışır. Bu baxımdan da hər kəs bu münaqişəni məzhəb davası olaraq görür".
İranın Həcc ziyarətinə zəvvar göndərməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən politoloq qeyd edib ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatı İrandan gələn pullar hesabına qurulmayıb ki, İrandan zəvvarlar getmədiyi təqdirdə də hansısa problemlərlə qarşılaşsın: "Bu səbəbdən Səudiyyənin iqtisadiyyatına heç bir ziyan vurulmayacaq. Bunun heç bir məntiqi əsası yoxdur. Əksinə İran iqtisadiyyatına mənfi təsirlərin olacağı gözləniləndir. Çünki hər iki ölkə neft ixracatçısıdır və Səudiyyə Ərəbistanı neftin qiymətinə təsir etdikcə İran iqtisadiyyatı zərbə alacaqdır".