“İbrahimbəyovun Azərbaycanla bağlı danışmağa haqqı yoxdur” Siyasət

“İbrahimbəyovun Azərbaycanla bağlı danışmağa haqqı yoxdur”

"Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı fikir bildirməyə haqqı yoxdur. Erməniləri özünə dost bilən insan xalqın gələcəyini düşünə bilməz".
Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ölkədəki vəziyyətlə bağlı çıxışına münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, anti-milli qüvvələr yaranmış sitiuasiyadan istifadə etməyə çalışırlar: "Bütün qlobal xarakterli problemləri Azərbaycan iqtidarının ayağına yazmağa çalışırlar. Təbii ki, bütün bunların heç bir hesabı yoxdur. Dünyada gedən iqtisadi böhran, xüsusi olaraq neftin qiymətinin aşağı düşməsi Azərbaycandan da yan ötməyib. Çünki, Azərbaycan iqtisadiyyatı neft amili ilə birbaşa bağlıdır.
Yaranmış sitiuasiyadan istifadə edərək Azərbaycanın üzərinə əsası olmayan böhtanlarla gəlmək anti-milli qüvvələrin fəaliyyətinin davamıdır. Rüstəm İbrahimbəyov indi ölkəmiz deyir. Bu adam nə vaxt ölkəmizin yanında olub? Nə vaxt Azərbaycanda situasiya gərginləşib, dərhal Rüstəm İbrahimbəyov ortaya çıxır. Onun fikirləri kimə lazımdır? Rüstəm İbrahimbəyov kimdir ki? Belə insanların Azərbaycan cəmiyyətində ictimai rəyin formalaşmasında yeri və rolu yoxdur".
Fəzail Ağamalı vurğulayıb ki, ölkədə gedən bütün proseslər prezidentin nəzarətindədir: "Unun qiyməti ilə bağlı ölkə başçısının ötən gün verdiyi qərar son dərəcə əhəmiyyətlidir. Prezident lazım olan bütün addımları atır. Müxalifətin belə vəziyyətdən istifadə etməsi doğru deyil".