BAXCP-dən hökumətə çağırış Siyasət

BAXCP-dən hökumətə çağırış

"İslahatlar dərinləşdirilməlidir"

Partiya universitetlərə ödənişli əsaslarla, attestatla tələbə qəbul etmək hüququnun verilməsini təklif edir

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Qlobal iqtisadi böhran və neftin qiymətinin dünya bazarında ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması və bu səbəbdən yaranmış vəziyyəti müzakirə edən BAXCP İdarə Heyətinin üzvləri hökuməti islahatları dərinləşdirməyə çağırıblar. Bununla yanaşı BAXCP İdarə Heyəti ölkənin gəlirlərinin artırılması ilə bağlı bir sıra təkliflərlə də çıxış edib.
BAXCP İdarə Heyəti hesab edir ki, ölkənin turizm potensialının inkişafı, ictimai-iaşə obyektlərinin davamlı fəaliyyətinin təmin olunması üçün Azərbaycan Türkiyə və İranla viza rejimini ləğv etməli, ABŞ, Kanada, Avropa İttifaqının üzvü olan dövlətlər və miqrant axını təhlükəsi yaratmayan digər ölkələrlə viza rejimini aradan qaldırmalı, yaxud sadələşdirilimiş viza rejiminin tətbiqinə başlamalıdır.
BAXCP İdarə Heyətinin növbəti təklifi təhsil sistemində aparılması labüd olan islahatlarla bağlı olub. Partiya hesab edir ki, Azərbaycanın bütün universitetlərinə attestatla ödənişli qəbul həyata keçirməyə imkan yaradılmalıdır. BAXCP İdarə Heyətinin qənaətinə görə, hər il test üsulu ilə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul oluna bilməyən onminlərlə gənc təhsilin keyfiyyətinə görə ölkəmizin universitetlərindən heç də üstün olmayan xarici universitetlərə üz tuturlar. Onların xarici ölkələrdə təhsil almalarına isə böyük vəsaitlər xərclənilir: "Azərbaycanın ali təhsil müəssisələri də xarici ölkə vətəndaşlarını Təhsil Nazirliyinin müvafiq razılığı əsasında, eyni qaydada ödənişli əsaslarla qəbul edə bilirlər. Bu da öz növbəsində həmin universitetlərin maddi-texniki bazasının güclənməsinə imkan verir. Lakin xarici ölkələrdə ödənişli əsaslarla təhsil alan Azərbaycan vətəndaşlarının sayı ölkəmizə ali təhsil almağa gələn xarici vətəndaşların sayını bir neçə dəfə üstələyir. Bu isə Azərbaycandan xariciə daha çox valyuta axının olmasına zəmin yaradır. Azərbaycanın ali təhsil müəssisələrinə ödənişli əsaslarla, attestatla tələbə qəbul etmək hüququnun verilməsi isə həmin vəsaitlərin ölkəmizdə qalmasına, övladlarının ali təhsil almasını istəyən valideynlərin daha az vəsait xərcləmələrinə imkan yarada bilər".
BAXCP hesab edir ki, Təhsil Nazirliyi müvafiq şərtlər və qaydalar əsasında hazırda xarici ölkələrdə ödənişli əsaslarla təhsil alan vətəndaşlarımızın da Azərbaycan universitetlərinə köçürülmələrinə imkan yaratmalıdır.