“Məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır” Siyasət

“Məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır”

Ann Brassör: "Ermənistan və Azərbaycan təşkilatımızın üzvləridir və biz münaqişənin həllini tapmalıyıq"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə qurumun sədri Ann Brassör AŞPA sədri vəzifəsində mətbuat üçün son brifinqini keçirib.
AŞPA-nın bugünkü plenar iclasında müzakirəsi gözlənilən "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" haqqında qətnamə layihəsinə toxunan xanım Brassör, assambleyada bir çox deputatın bu hesabatın yenidən qurumun Siyasi məsələlər və demokratiya komitəsinə göndərilməsini istədiklərini bildirib. O, bugünkü plenar iclasda bu sənədin yenidən komitəyə göndərilib-göndərilməyəcəyinə dair müzakirələrin aparılacağını istisna etməyib. Ann Brassör indidən bu məsələ barədə mövqe bildirmək istəmədiyini söyləyib: "Ermənistanla Azərbaycan bizim təşkilatımızın üzvləridirlər və biz bu münaqişənin həlli yollarını tapmalıyıq. İnsanlar sülh və əmin-amanlıq içində yaşamalıdırlar və biz hər şey etməliyik ki, bu münaqişəni həll edək. Bəs bunun ən uyğun yolu hansıdır? Bunu mən deyə bilməyəcəyəm. Əgər bilsəydim, problem də həll oluna bilərdi. Sadəcə, bu məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır. Çünki bu münaqişədən ən çox əziyyət çəkən regiondakı insanlardır. Bunlar Avropa Şurasına üzv ölkələrin vətəndaşlarıdır və biz onları müdafiə etməliyik. Amma bunun hansı yolla həllinə nail olmaq məsələsinə gəldikdə, hesab edirəm ki, bu formada davam etdirməliyik".