
Ceyms Uorlik: "Davamlı sülhə aparan diskussiyaları intensivləşdirməyə ehtiyac var"
Akif Nağı: "ATƏT-in Minsk qrupunun tutduğu mövqe beynəlxalq təşkilatlara inamı itirib"
Asim Mollazadə: "Ermənistanda olan terrorçuların əraziləri işğal etmək üçün snayper və atıcı silahları pulsuz və haradan əldə etməsi hamıya məlumdur"
"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə tezliklə görüşəcəyimizi səbirsizliklə gözləyirik". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O əlavə edib ki, davamlı sülhə aparan diskussiyaları intensivləşdirməyə ehtiyac var.
Qeyd edək ki, iki gün bundan öncə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Minsk qrupu həmsdərləri ilə növbəti görüşün planlaşdırıldığını bildirmişdi.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, ümumiyyətlə, Ermənistan dövləti ehtiyat edir ki, Azərbaycan hər an hərbi əməliyyatlara başlaya bilər: "Beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun tutduğu mövqe Azərbaycana başqa bir yol qoymur". Onun sözlərinə görə, Azərbaycanda artıq beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə vaxtsa ədalətli mövqe tutacağına inam demək olar ki, yoxdur: "Bu həm dövlət, həm də cəmiyyət səviyyəsində belədir. Məhz buna görə də ölkəmiz münaqişənin həlli istiqamətində yeni-yeni yollar axtarır, müttəfiqləri ilə daha da ciddi yaxınlaşmağa çalışır. Hesab edirəm ki, Azərbaycanın bu çalışmalarından ermənilərin və onların himayədarlarının də xəbəri var. Ona görə də rəsmi İrəvan hərbi əməliyyatlara qarşı hazırlıq işlərini görür. Amma yenə də bizim mövqemiz odur ki, Ermənistan hansı hazırlıq işlərini görür-görsün ölkəmiz hərbi məsələlərə başlamalıdır. Çünki ölkəmizin başqa yolu yoxdur".
Millət vəkili Asim Mollazadə deyib ki, Ermənistanda olan terrorçuların əraziləri işğal etmək üçün snayper və atıcı silahları pulsuz və haradan əldə etməsi hamıya məlumdur. Onun sözlərinə görə, rəsmi İrəvan diqqəti yayındırmaq üçün erməni lobbi qrupları tərəfindən yanlış məlumatlar yayırlar: "Ermənistanı kimin silahlandırması və Azərbaycan ərazilərini kimin işğal etməsi hər kəsə məlumdur. Heç kimə sirr deyil ki, Ermənistanda əhalinin gizlədilməsi üçün də ayrıca istehkamlar quraşdırılıb. Əslində bu, əhalini qorumaq üçün deyil, əksinə külli miqdarda qeyri-qanuni verilmiş silahların gizlədilməsi üçündür. Çünki hazırda bütün beynəlxalq sazişlər Ermənistan tərəfindən pozulub və böyük həcmdə olan qanunsuz silahlar Dağlıq Qarabağda yerləşdirilib".
Əli