Kravçuk vəd edib Siyasət

Kravçuk vəd edib

"Kuçma və Yuşşenko ilə Azərbaycanla münasibətlərə dair təkliflər hazırlayaraq prezidentə təqdim edəcəyəm"


"Azərbaycanla münasibətlərin zəifləməməsi, əksinə, daha da gücləndirilməsi hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, Ukraynanın ən böyük ehtiyaclarından biridir".
Bu sözləri Ukraynanın birinci prezidenti, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcılarından olan Leonid Kravçuk deyib. O bildirib ki, Ukraynada baş verən inqilabdan sonra formalaşan hakimiyyətdə əgər Azərbaycana münasibətdə laqeydlik varsa, bu, onların ən böyük səhvi olar: "Ukrayna bu gün çox ağır mərhələdən keçir. Ölkəmiz çətin durumlar, sınaq dövrünü yaşayır, müharibə aparır. İndi ölkənin idarəçilik sükanında oturanlar daha çox Rusiyaya qarşı sanksiyaya qoşulan ölkələrlə əməkdaşlığı intensivləşdirməyə meyl edirlər. Amma bu, o demək deyil ki, biz əsas və uzunmüddətli strateji dostlarımızı nəzərdən qaçırmalıyıq. Azərbaycan Ukrayna dövlətinin uzun illərdən bəri strateji tərəfdaşı, birmənalı olaraq dostudur. Biz Azərbaycanla əməkdaşlığa hər hansı bir dövrdə laqeyd qalsaq, bundan iqtisadi və siyasi anlamda çox zərər görə bilərik. Bu gün Azərbaycan hansısa kəskin sanksiyalara qoşulmaya bilər. Bir dost kimi biz də Azərbaycanın narahatlıqlarını anlamalı və onun addımlarının səbəbini dərk etməliyik. Çünki Azərbaycan həmişə bizim yanımızda olduğunu bildirib və dediyim kimi, dövlət maraqlarımızın əsas sahələri üzrə strateji tərəfdaşımız, dostumuzdur".
L. Kravçuk prezident Pyotr Poroşenkonun Azərbaycana ləngiyən səfərinə də toxunaraq bildirib ki, bütün hallarda bu məsələdə zərər görən tərəf Ukraynadır: "Çünki bizə Azərbaycan kimi dövlətlə vaxt itirmədən yeni anlaşmalar lazımdır. Əminəm ki, yüksək səviyyəli bu səfər tezliklə baş tutacaq. Artıq mən və digər keçmiş prezidentlər Leonid Kuçma və Viktor Yuşşenko Azərbaycanla münasibətlərin intensivləşdirilməsi barədə təkliflərimizi hazırlayaraq prezidentə təqdim etməyə qərar vermişik. Hazırda bunun üzərində düşünürük. Biz gələn ay Bakıda keçiriləcək IV Qlobal Foruma dəvət almışıq və orada keçirəcəyimiz görüşlərdə bu məsələni də müzakirə edəcəyik".