“Dilqəm Əsgərov və Şahbaz Quliyev vətənə dönməlidir” Siyasət

“Dilqəm Əsgərov və Şahbaz Quliyev vətənə dönməlidir”

Asim Mollazadə: "Biz bu cür məsələləri hər zaman gündəmdə saxlamalıyıq"

"Azərbaycan hər zaman bütün beynəlxalq təşkilatlarla birgə Ermənistanın insanlığa qarşı hərəkətlərini pisləyib. Beləcə, ölkəmiz beynəlxalq təşkilatların təzyiqi ilə də azərbaycanlı girovları azad edir. Bunun hansı formada ediləcəyi isə heç bir əhəmiyyət daşımır". Bunu millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, bizim üçün ən önəmli məsələ azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa qovuşması və Vətənə dönmələridir: "Biz bu cür məsələləri hər zaman gündəmdə saxlamalıyıq. Beləcə, bütün dünyaya ermənilərin törətdikləri vəhşiliklərlə bağlı məlumatları çatdırlmalıyıq. İşğalçı ölkənin törətdiyi cinayətlər mənə elə gəlir ki, bütün dünyaya dərs olmalıdır".
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma "məhkəmə"nin "hökmü" ilə ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov əfv üçün müraciət hüququndan istifadə etməyib. Bu barədə Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.