“Madrid prinsipləri ən ideal sülh planıdır” Siyasət

“Madrid prinsipləri ən ideal sülh planıdır”

Vasif Əfəndiyev: "Bu prinsiplər Ermənistan tərəfindən qəbul edilsə də, onun reallaşması mümkün görünmür"

"Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planıdır". Bu fikirləri politoloq Vasif Əfəndiyev deyib. Politoloq bildirib ki, bu prinsiplər Ermənistan tərəfindən qəbul edilsə də, onun reallaşması mümkün görünmür: "Faktiki olaraq, bu planın işə düşməsi regionda sülhün bərqərar olması deməkdir. Azərbaycanın müstəqilliyinə xor baxan dövlətlər isə müstəqilliyimizin möhkəmlənməsini qətiyyən istəmirlər. Madrid prinsipləri münaqişənin həllini mərhələ şəklində təklif edir və danışıqlara başlamağın ilkin şərtini işğal olunmuş 6 rayonun qeyri-şərtsiz Azərbaycanın nəzarətinə verilməsini qeyd edir. Sonrakı mərhələlərdə isə köçkünlərin Qarabağa qaytarılması, Dağlıq Qarabağın statusu və erməni əhalisinin təhlükəsizliyinin təminatı , sonrakı mərhələdə isə Kəlbəcər və Laçın rayonlarının qaytarılması prosesi həyata keçməli idi. Bu prinsiplərin qəbul edilməsini Azərbaycan diplomatiyasını ən böyük uğurlarından hesab etmək olar".
Onun sözlərinə görə, Rusiyanın təmsil olunduğu qurumda belə bir qərarın qəbul olunması gözlənillməz olsa da, bu baş verdi: "Lakin hər dəfə danışıqların bir məntiqi sonluğa yaxın olması şəraitində gah Ermənistan tərəfinin təmsilçisi bildirir ki, bu məsələ haqqında parlament icazə verməsə, onun fikir bildirmək səlahiyyəti yoxdur, gah da Ermənistan prezidenti müxtəlif bəhanə ilə görüşdən qaçır. Bu da onu sübut edir ki. erməni tərəfi təkbaşına qərar vermək səlahiyyətində deyil. Rusiyanın razılığı olmayan heç bir sənədin altından imza atmayacaqları da gün kimi aydındır".