İran ənənəvi siyasətini dəyişəcəkmi? Siyasət

İran ənənəvi siyasətini dəyişəcəkmi?

Gövhər Baxşəliyeva: "İrandan Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe gözləyirik"
Mütəllim Rəhimli: "İndi fürsət var ki, Azərbaycan cənub qonşusu ilə daha genişmiqyaslı əməkdaşlıq qursun"
Fuad Əliyev: "Gərək İran Azərbaycanla münasibətlərində səmimi olsun"

Cavid

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinin iki ölkə arasında münasibətlərin normallaşmasına, yaranmış bir sıra problemlərin aradan qaldırılmasına xidmət edəcəyi gözlənilir.
Bu səfər çərçivəsində tərəflər maraqlı açıqlamalar veriblər. Amma İran tərəfinin son açıqlamalarının nə dərəcədə real və səmimi olduğu da düşüncürüdür. Çünki hər zaman İran rəhbərliyi tərəfindən verilən belə açıqlamalar sonradan onların əməlləri ilə üst-üstə düşməyib. Məsələn, İran prezidenti Həsən Ruhani ölkəsinin "Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasına tərəfdar olduğunu" bəyan edib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bölgədə coğrafi sərhədlərin dəyişdirilməsi rəsmi Tehran tərəfindən qəbuledilməzdir: "Biz belə oxşar məsələlərin danışıqlar və sülh yolu ilə həll olunmasına çalışmalıyıq".
İran prezidenti deyib ki, iki ölkə arasında əlaqələrin tərəqqisinə heç bir maneə yoxdur: "Azərbaycan və İran iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkədir".
Ruhani onu da əlavə edib ki, hər iki ölkənin İslam və məzhəbə baxışları eynidir və İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunması region üçün təhlükəlir: "Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə aprelin 9-da İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir.
İranın rəsmi İRNA agentliyi və "İRİBNews" televiziya kanalı dövlətimizin başçısının "Mehrabad" hava limanında bu ölkənin rəsmiləri tərəfindən qarşılanması, "Səadabad" sarayında prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, həmkarı Həsən Ruhani ilə görüşü və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında üç anlaşma memorandumu və bir sazişin imzalanması mərasimindən geniş xəbər və reportajlar veriblər. Xəbərlərdə Azərbaycan prezidentinin İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağı da qeyd edilir.
"Aftabnews" və "Bultannews" internet qəzetlərində yer almış xəbərlərdə də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlərdən söhbət açılıb.
Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri qonşu ölkənin "Mehr" və "Fars" xəbər agentlikləri, "Tehran Times" və digər mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılıb. Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin zəruriliyinə dair bəyanatı bütün mətbuat orqanlarında yer alıb.
KİV-lərdə mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkənin vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması üçün lazımi işlər görüləcəyinə, habelə Xəzər dənizinin hüquqi statusu sahəsində görüləcək işlərə dair dövlət başçılarının fikir mübadiləsi apardıqları da bildirilir.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Gövhər Baxşəliyeva prezident İlham Əliyevin İrana səfərinin əhəmiyyətindən danışarkən deyib ki, "Şərqin ən böyük ölkələrindən biri də İrandır və İranla Azərbaycan arasındakı əlaqələrin sıx olması hər iki ölkə üçün önəmlidir".
Belə görüşlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini vurğulan işçi qrupunun üzvü bildirib ki, Azərbaycana həm etnik, həm də dini baxımdan İran qədər yaxın olan ikinci bir dövlət yoxdur: "İranda 35 milyon azərbaycanlı yaşayır. Mədəniyyətlərimizin bir çox səhifəsi müştərəkdir. Parlamentin İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyətinin rəhbəri olaraq da deyə bilərəm ki, İrandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe tutmasını gözləyirik. Təşkilatın əsas fəaliyyət prinsipi müsəlman həmrəylinin təmin edilməsidir. İran da hər zaman İƏT-in qəbul etdiyi bütün qətnamələri dəstəkləyir. Lakin təəssüf ki, bəzən Ermənistanla çox isti əlaqələr yaratdığının şahidi oluruq. Hətta həmin əlaqələr yüksələn xətlə inkişaf edir. Biz İrandan daha konkret mövqedən çıxış etməsini gözləyirik. Necə ki qardaş ölkə olan Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəkləyir, eləcə də İrandan bu dəstəyi gözləyirik".
Politoloq Mütəllim Rəhimli isə bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İrana səfəri indiki dövrdə təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir: "Regionda siyasi münasibətlərin gərginləşdiyi bir dövrdə İranla əlaqələrin xarakterinin və inkişaf istiqamətinin dəqiqləşdirilməsinə ehtiyac yaranıb.
Azərbaycan hakimiyyəti çalışmalıdır ki, Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr qursun. Biz uzun müddətdən bəri zaman-zaman İranla gərgin münasibətlərin şahidi olurduq. Bizim İranla ortaq mədəni, mənəvi, əxlaqi, dini dəyərlərimiz var. Üstəlik İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunanda Azərbaycan bu prosesdə aktiv iştirakçı olmayıb. Bütün bunlar imkan verir ki, İranla mehriban qonşuluq siyasəti aparaq. Artıq bu ölkəyə qarşı sanksiyalar da yumşalıb. İndi fürsət var ki, Azərbaycan cənub qonşusu ilə daha genişmiqyaslı əməkdaşlıq qursun".
Millət vəkili Yevda Abramov isə bildirib ki, bu səfərin həm Azərbaycan, həm də İran üçün çox böyük strateji əhəmiyyəti var: "Ancaq bu gün Azərbaycanda bəzi qüvvələrin dilindən, onların qəzetlərinin səhifələrindən "pərdəarxası" sözü düşmür. Türkiyənin baş naziri Ərdoğan Azərbaycana gələndə müxalifət mətbuatı "Ərdoğanın səfərinin pərdəarxası məqamları"ndan, Con Kerri gəlməmiş onun səfərinin "pərdəarxası məqamları"ndan yazır. İndi də Azərbaycan prezidenti İrana rəsmi səfər etdi, yenə də yazırlar ki, "İrana səfərin pərdəarxası məqamları". Bu cür yersiz ifadələr gülüncdür".
Onun özlərinə görə, İranla Azərbaycan qonşu dövlətlərdir və qarşılıqlı səfərlər də olmalıdır: "Ancaq bu səfərlərdən şou düzəltmək istəyən, səfərin guya "pərdəarxası", "gizlin" məqamlarının olması ilə bağlı iddialar səsləndirən şəxslərin görünür, dövlət idarəçiliyindən xəbərləri yoxdur. Bu adamlar Ukraynadakı hadisələrin qızğın vaxtında deyirdilər ki, Rusiya Azərbaycana da hücum edəcək. Ancaq bilmirlər ki, bunun üçün Rusiyanın heç bir obyektiv və subyektiv səbəbi yoxdur. Azərbaycanla Rusiya strateji partnyordur. O ki qaldı İrana, Azərbaycanla İran arasında strateji müttəfiqlik mövcuddur, iki ölkə arasında mühüm məsələlər, eyni zamanda qaz layihələri ilə bağlı mühüm bağlar var. Bu, iki ölkə və onların iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Hansısa "pərdəarxası məqamlar"dan danışmaq cəfəngiyyatdır. Çünki Azərbaycan açıq və müstəqil siyasət yürüdür, kimsədən də çəkinəcəyi yoxdur ki, hansısa gizli addım atsın".
ALDP sədri Fuad Əliyev isə bildirib ki, İran heç vaxt Azərbaycana qarşı səmimi siyasət yürütməyib: "Biz Azərbaycan prezidentinin İrana səfərini və orada aparılan, imzalanan sənədləri alqışlayırıq. Amma gərək İran Azərbaycanla münasibətlərində səmimi olsun. İran rəsmiləri ya orada, ya da bura gələndə başqa sözlər deyirlər, amma dedikləri ilə əməlləri uyğunlaşmır. İllərdir ki, İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini deyir, amma digər tərəfdən işğalçı Ermənistanla strateji əməkdaşlıq edir. Xəzərin statusu məsələsi ilə bağlı bəyanlayır ki, bu məsələ tezliklə həll olunmalı və Xəzər sülh dənizinə çevrilməlidir. Amma illərdir ki, bu məsələnin həllini bilərəkdən yubadır. Bu bir yana, digər tərəfdən isə Xəzərdə hərbi təlimlər keçirməklə rəsmi Bakıya əzələ nümayiş etdirir. Digər sahələrdə də İran Bakı ilə düz gəlmir. Bu onun məkrli planından və siyasətindən irəli gəlir. Bütün sahələrdə İranın Azərbaycanla əməkdaşlığında süni problemlər yaradılır".