Kopenhagendə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası Siyasət

Kopenhagendə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

Aprelin 7-də Danimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə Ermənistanın Danimarkadakı səfirliyi qarşısında aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
Mitinq Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edənlər aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib. Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb.
Mitinqin sonunda Ermənistan səfirliyinin əməkdaşlarına mitinqin bəyannaməsi təqdim edilsə də, səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər.
Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.