Separatçılar "su terroru"na keçirlər: Onlar Sərsəngi məhv etmək istəyirlər Siyasət

Separatçılar "su terroru"na keçirlər: Onlar Sərsəngi məhv etmək istəyirlər

Xankəndindəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.

Sərsəng su anbarı qurumaqdadır və bu, eyniadlı su-elektrik stansiyasının fəaliyyətini də ciddi risk altına alır.

Ümumiyyətlə, Xankəndindəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb.

Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il gərəkdir.

Separatçı rejimin "Su komitəsi sədri" Georgi Ayriyayan "Azatutyun"a açıqlamasında etiraf edib ki, Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinin daha da sürətlənməsinin əsas səbəbi elektroenerji istehsalının artırılmasıdır.

Ermənistan Azərbaycan ərazilərinin 20 fazini işğalda saxladığı 30 il ərzində 35 kiçik və orta su-elektrik stansiyaları inşa etmişdilər. Həmin stansiyaların istisnasız olarpaq hamısı işal edilmiş ərazilərimizdə yerləşirdi.

44 günlük Vətən Müharibəsi nəticəsində su-elektrik stansiyalarının 30-nnu yerləşdiyi ərazilər üzərində Azərbaycanın nəzarəti bərpa edildi.

5 SES isə hələlik rusiyalı sülhməramlı kontingentin kontrolundakı ərazilərdə qalıb.

Separatçı rejimsə elektroenerji təminatında əsas mənbə qismində Sərsəng su-elektrik stansiyasından istifadə edir.

Stansiyanın rəisi Qriqor Qriqoryanın dediyinə görə, Xankəndindəki rejimin göstərişlərinə əsasən SES-də elektroenerji hasilatı son vaxtlar 2,5 dəfə artırılıb.

Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında stansiyada 19,3 milyon KVt/saat elektroenerji istehsal edildirdisə, hazırda həmin rəqəm 27,5 milyon KVT/saata çatıb.

Məhz bu səbəbdən Azərbaycan ekosidə görə Ermənistanı adəlt məhkəməsinə cəlb etmək niyyətindədir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyinə görə, Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu prosesin sülh müqaviləsinin imzalanması prosesinə heç bir təsiri yoxdur, lakin bu, ayrıca müzakirə olunur.

Ölkəmiz Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesinin başlayıb.

Səbəb bəllidir: işğal illərində Ermənistan Sərsəng su-elektrik stansiyası ilə yanaşı, işğal etdiyi ərazilərdəki digər SES-ləri qanunsuz istismar edib, əldə olumuş elektroenerjini isə İrəvana ötürüb.

Xankəndindəki separatçı rejim isə bizi yeni ekoloji ekoloji terror aktı ilə hədələyir.

Rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında "yaranmış vəziyyətlə əlaqədar olaraq" Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.

Bu, aşkar şantaj və ekosid xəbərdarlığı sayıla bilər.

Xatırladaq ki, 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir.

Bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir və sonucda su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuşdu və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdi.

Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənib. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalanıb.

Sənəddə vurğulanır ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir.

2016-cı ilin yanvar ayında isə Avropa Surası Parlament Assambleyası (AŞPA) Bosniya və Hersoqovinadan olan deputat Milisa Markoviçin məruzəsi əsasında Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Qətnamənin preambulası bu fikirdi: "Xankəndindəki rejim Sərsəng su anbarından faydalanaraq Azərbaycanın yaxınlıqdakı rayonlarının sakinlərini bilərəkdən sudan məhrum edir".

Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza toplamışdı.

Sərsəng su anbarı, ümumiyyətlə, elektroenerji istehsalı üçün yox, bəhs olunan 96 min hektarlıq ərazinin suvarılması üçün nəzərdə tutularaq inşa edilmişdi.

Bütün irriqasiya obyektləri də hazırda rusiyalı sülhməramlılarının nəzarətindəki arealda yox, qarşı tərəfdədir.

Ötən ilin avqust ayında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə Sərsəng su anbarına baxış keçirmişdilər.

Lakin həmin vaxtda Xankəndində "dövlət naziri" təyin edilmiş marionet Ruben Vardanyan prosesin dayanmasına səbəb olmuşdu.

Vardanyan indi qovulsa da, Xankəndindəki separatçıların Sərsəng su anbarı ilə bağlı idiotik davranışı davam edir.

Araik Arutyunyan və ətrafındakı kamarilya Azərbaycan rayonlarına qarşı "su terroru" cəhdinin separatçılar üçün çox ağır nəticələr verə biləcəyinin deyəsən, fərqində deyillər.

Onların Sərsəng su anbarından "təzyiq vasitəsi" qismində istifadə etmələri ermənilərin gözlədikləri effektə səbəb olmayacaq, amma separatçılar üçün nəticə həddən ziyadə ağır ola bilər.

Azərbaycan onunla belə primitiv "hədə" leksikonuna əl atanlarla siyasi, iqtisadi, hüquqi rıçaqlardan istifadə etməklə danışmağı, zərurət yarandıqda isə ən sərt tədbirlərə əl atmağı bacarır.