Prezident İlham Əliyev: Laçındakı işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq Siyasət

Prezident İlham Əliyev: Laçındakı işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq

Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq.

Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Yəni, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar".