TDT-yə daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir - Statistika Siyasət

TDT-yə daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir - Statistika

2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Türk iqtisadi icmalı"nın dördüncü sayında bildirilir.

Hesabatda bildirilir ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edir. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb:

"Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir".
Qeyd edək ki, "Türk iqtisadi icmalı"nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2022-ci il üzrə, ŞKTR isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.

"Türk iqtisadi icmalı"nın xüsusi buraxılışı TDT-nin Katibliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yaşıl iqtisadiyyat və rəqəmsallaşma sahəsi üzrə yeni bölmədə Elektron Dövlətin İnkişaf İndeksi (EGDI), Açıq Hökumət Məlumat İndeksi (OGDI), elektron ticarət bazarında gəlir, internetə giriş, CO2 emissiyası və karbon izləri ilə bağlı indikatorlar əks olunub. EGDI indeksi üzrə ən yüksək göstəriciyə Qazaxıstan və Türkiyə malikdir, onlar dünya üzrə reytinqdə 28 və 48-ci yerlərdə qərarlaşıblar. TDT ölkələri arasında dünyadakı payına görə 0,03%, 0,10% və 0,13%-lik göstəricilərlə ən aşağı CO2 emissiyasına Qırğızıstan, Azərbaycan və Macarıstan sahibdirlər. Qeyd edək ki, EGDI indikatorunun alt komponenti olan insan kapitalı indeksinə (HCI) görə bütün Türk dövlətləri yuxarı göstəriciyə malikdirlər.